Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu yaradıldı

Orduda yenilikDekabrın 20-də Müdafiə Nazirliyində kollegiya üzvlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini general-leytenant Vahid Əliyev, Azərbaycan Respublikasının Hərbi Prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev, Milli Təhlükəsizlik Nazirliyinin Baş İdarə rəisi general-mayor Nizami Şirinov da iştirak ediblər.

Prezident Administrasiyası rəhbərinin müavini general-leytenant Vahid Əliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 18 dekabr 2013-cü il tarixində imzaladığı Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Fərmanı kollegiya iştirakçılarına elan edib.

Fərmana əsasən Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb. General-leytenant Kərəm Mustafayev komandan vəzifəsinin icrasına buraxılıb.

Kollegiya iclasında Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin 2013-cü ildə döyüş xidməti hazırlığının yekunları və 2014-cü tədris ilində vəzifələri haqqında geniş məruzə ilə çıxış edib.

Müşavirədə son dövrlərdə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, döyüş hazırlığının vəziyyəti, quruculuq işləri və bir çox xidməti məsələlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib.

KATEQORIYA:
Bu xəbəri paylaş