Nazim Bayramov: “Komandirimiz azərbaycanlı kursantlara deyirdi ki, siz burada Heydər Əliyevə görə oxuyursunuz”

“Heydər Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin zabit korpusunun yaradılmasında müstəsna xidmətləri olub. Məhz bu gün Silahlı Qüvvələrimizin zabit heyyətinin 70 faizi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələridir”.

Ehtiyatda olan polkovnik-leytenant Nazim Bayramov “AzeriDefence”yə açıqlamasında bildirib ki, 1971-ci ildə SSRİ-də hərbi təmayüllü iki internat məktəbi – Naximov və Suvorov adına hərbi təmayüllü məktəblər olub. Lakin, onların Azərbaycandan kənarda yerləşmələri həmin məktəblərdə azərbaycanlıların təhsil almasını çətinləşdirib.

“H.Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycan KP MK bürosunun 1971-ci il 29 aprel tarixli qərarının əsasında “İxtisaslaşdırılmış internat məktəbinin yaradılması haqqında” Azərbaycan KP MK bürosu qərarı ilə milli respublikalar arasında ilk dəfə Azərbaycanda ixtisaslandırılmış hərbi orta məktəb yaradıldı. Bu, Cəmşid Naxçıvanski adına məktəb, hazırda Hərbi Liseydir. Qeyd edim ki, Cəmşid Naxçıvanski adına məktəbin məzunları Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə imtahansız qəbul olunurdular”, – deyə N. Bayramov əlavə edib.

Bayramovun sözlərinə görə, Liseyi bitirənlərdən 12 nəfəri general, 1 nəfəri admiral ali rütbəsinə qədər yüksəlib. Onlarla yetirməsi Qarabağ döyüşlərində qəhrəmancasına həlak olub. Onlardan 9-u Azərbaycanın Milli Qəhrəmanıdır: “Moskvaya işə keçiriləndən dərhal sonra Heydər Əliyev Sovet İttifaqı rəhbərliyi qarşısında azərbaycanlı milli zabit kadrlarının yetişdirilməsi barədə məsələ qaldırdı və bunu müsbət həll etdi. 1984-87-ci illər ərzində Bakıya Moskvadan gəlmiş Səyyar Qəbul Komisiyası tərəfindən SSRİ-da mövcud olan 200 ali hərbi məktəbin hər birinə 3 nəfər azərbaycanlı müsabiqədən kənar qəbul olunur, bu məktəblərdə hərbi ixtisaslara sahiblənirdilər. Xatirimdədir, Rusiyada mənimlə ali hərbi məktəbdə təhsil alan, hərdən nizam-intizamı pozan yaxud zəif oxuyan azərbaycanlı kursantlara bölük komandirimiz Politbüronun şəklinə göstərib (Heydər Əliyevin portreti orada Brejnevdən sonra birinci idi), deyirdi ki, “siz burada yalnız hörmətli Heydər Əliyevə görə hələ qalıb oxuyursuz”. Beləliklə, Heydər Əliyevin siyasəti nəticəsində, təkçə bu proqram çərçivəsində Azərbaycandan kənarda 80-ci illərin sonlarında, 90-cı illərin əvvələrində bütün hərbi ixtisaslar üzrə – motoatıcı, tankçı, artilleriyaçı, bütün növ raket (taktiki, operativ və strateji), təyarəçi, rabitəçi, bütün növ hərbi mühəndislər, dənizçilər, hərbi-siyasi, hərbi tərcüməçilər və s. olmaqla 3 minə yaxın milli zabit kadrlarımız yetişdirildi”.

KATEQORIYA:
Bu xəbəri paylaş