Nazim Bayramov: Levon Mnasakyanın son müsahibəsi anlaşılmaz söz yığınından başqa bir şey deyil

Qarabağdakı separatçı silahlı birləşmələrin “rəhbəri”nin bu gün jurnalistlərə müsahibəsində Azərbaycanda qorxu mühitinin hökm sürməsi və cəbhə xəttinə qoşunları yığması barədə işlətdiyi fikirlər anlaşılmaz söz yığınından başqa heç nə deyil.

Bunu “AzeriDefence”yə açıqlamasında hərbi ekspert Nazim Bayramov bildirib.

Separatçıların “müdafiə naziri” Levon Mnasakyanın “Qoşunlar (Azərbaycan qoşunları- red.) cəmləşdirilir, biz isə onları yayacağıq (artilleriya zərbələri ilə cəmləşməyə imkan verməyəcəyik-red.). Azərbaycanda qorxu mühiti hökm sürür, onlar müdafiəyə keçiblər”, fikirlərinə münasibət bildirən N. Bayramovun sözlərinə görə, bu adam nəəyi demək istədiyini özü belə sistemləşdirə bilmir.

“Məlumdur ki, qoşun cəmləşdirilməsi hücuma hazırlığı göstərir. Qorxan tərəf necə hücuma hazırlaşır? İkincisi, qarşı tərəfin cəmləşdirdiyi qoşunları necə yayırsan ki, qoşunlarımız texnikada və digər vasitələrdə itki vermirlər. Canlı qüvvə itkilərimiz isə cəmləşmə yerlərində deyil, ön mövqedə əsasən snayper atəşindəndir. Hətta cəbhəyanı rayonlarımızın əhalisi bilir ki, düşmən artilleriyasının atəşi qoşunlarımıza deyil, daha çox cəbhəyə yaxında yerləşən yaşayış məntəqələrimizə yönəlib. Atəş açan düşmən artilleriyasının yerini bizim müasir anti-artilleriya radarlarımız bir neçə saniyəyə təsbit edir və düşmən dərhal cavab atəşi ilə susdurulur. Beləliklə, heç bir “yaymaq” cəhdləri müşahidə olunmur”, – deyə ekspert vurğulayıb.

N. Bayramov aprelin əvvəlindən erməni hərbi-siyasi rəhbərliyinin verdiyi açıqlamaların yalan və ziddiyyətlərlə dolu olduğunu qeyd edib. Ekspert bunun təsadüfi olmadığını düşünür: “Bunun sadə bir səbəbi var. Düşmən komandanlığı təşviş keçirir və özünü və cəmiyətini sakitləşdirməyə çalışır”.

KATEQORIYA:
Bu xəbəri paylaş