Nazir müavini hərbi qulluqçuların pensiyasına dəyişikliklərlə bağlı məsələyə aydınlıq gətirib

Nazir müavini hərbi qulluqçuların pensiyasına dəyişikliklərlə bağlı məsələyə aydınlıq gətirib

“Hərbi ekspertlər belə məlumat yayıblar ki, guya hərbi qulluqçuların pensiyasında müəyyən dəyişikliklər ediləcək. Yəni hərbi qulluqçular pensiyaya çıxanda indi olduğu kimi, maaşında olan artım pensiyaya əlavə edilməyəcək”.

Azeri Defence saytının APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

O bildirib ki, bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə danışıb: “Nazir bildirdi ki, bununla bağlı qanun layihəsi hazırlansa da, deyildiyi kimi bir şey yoxdur. İndeksasiya tətbiq etməklə bağlı dəyişikliklər olacaq. Nazir müavininin bu məsələyə aydınlıq gətirməsini istərdim”.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin iclasda iştirak edən müavini Anar Əliyev bildirib ki, ölkədə əmək pensiyaları haqqında qanun hər zaman inkişaf edir: “Burada hər zaman sığorta prinsipinin genişləndirilməsi əsas götürülür. Bizim qanunvericiliyə dəyişikliklərlə bağlı yeni təkliflərimiz var. Hərbi qurumlarda çalışan şəxslərin pensiyalarının məbləği həmin şəxslərin əmək haqqına artım həyata keçirildikdə artırdı. Ümumi əsasla pensiyaların məbləği isə ölkə Prezidenti tərəfindən indeksasiya əmsalı tətbiq olunmaqla həyata keçirilir. Yəni burada heç bir halda hərbi qulluqçuların pensiyalarının azalmasından söhbət gedə bilməz. Əksinə, bizim təklifimizin mahiyyəti ondan ibarətdir ki, bu şəxslərin pensiyalarının məbləği əmək haqları artandan-artana deyil, hər il indeksasiya aparılmaqla artırılsın. Qeyd etdiyim kimi, bu, hələ təklifdir. Eyni zamanda biz bu məsələləri Milli Məclislə də müzakirə etməyə hazırıq”.

KATEQORIYA:
Bu xəbəri paylaş