Nazir: Paramount Group şirkəti ilə yeni döyüş maşınının birgə istehsalına dair danışıqlar gedir

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi CAR-ın Paramount Group şirkəti ilə “Mbombe” tipli piyadaların döyüş maşınının birgə istehsalına dair danışıqları davam etdirir. Bu barədə “AzeriDefence.com” saytının sualını cavablandıran müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazirin sözlərinə görə, bununla bağlı müvafiq qərarın 2013-cü ildə qəbulu gözlənilir. Y. Camalov danışıqların hansı mərhələdə olması və təkliflər barədə əlavə məlumat verməyib.

“Bizim Paramount Group şirkəti ilə yaxşı əlaqələrimiz var. O, firmanın iştirakı ilə Bakıda Matador və Marauder tipli nəqliyyat vasitələrinin istehsalı davam edir”, – deyə nazir vurğulayıb.

Boş halda çəkisi 16 ton, döyüş çəkisi 27 ton təşkil edən “Mbombe” 11 heyəti daşıyır. Maksimal sürəti 100 km/saat, bir dəfəyə hərəkət diapazonu 700 km olan “Mbombe” <10m məsafədə dönür, 70 dərəcə bucaq altında yüksəkliyə dırmana bilir. Bundan başqa, döyüş maşınının salonu iqlim idarə etmə sistemi və kondisionerlə də təchiz edilib. 6×6 təkər formuluna malik “Mbombe” gücləndirilmiş mina əleyhinə müdafiəsinə malikdir. Maşının ballistik və artilleriya mərmilərinə qarşı müdafiəsi STANAG Level IV tələbləriən cavab verir. “Mbombe”nin gücləndirilmiş zirehi heyətin ətrafda 155 mm-lik artilleriya mərmisinin partlayışından, həmçinin 14.5 mm-lik B-32 güllələrindən, 200 metr məsafədə KPVT pulemyotundan açılan atəşdən müdafiəsini təmin edir. Ənənəvi V şassili MRAP-lardan fərqli olaraq düz gövdəyə malik olan “Mbombe”nin döşəməsindəki zirehin gücləndirilməsi sayəsində maşın alt hissəsində və ya təkərin altında tank əleyhinə mina partlayışına və ya 10 kq TNT partlayışına tab gətirir. “Mbombe”nin ən böyük avantajlarından biri də onun əldə qayırma partlayıcılara (İED) qarşı yüksək müdafiə təmin etməsidir. Testlər zamanı döyüş maşını 5 metr məsafədə 50 kq TNT partlayışına dözümlülüyünü sübuta yetirib. Mütəxəssislərinin fikrincə, “Mbombe”nin istehsalı və Azərbaycan Silahlı Qüvvələrində silahlanmaya qəbulu BTR və BMP tipli keçmiş sovet, müasir Rusiya və Ukrayna istehsalı olan döyüş maşınları ilə vidalaşma mərhələsinin başlanğıcını qoyacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş