Nazirlər Kabineti “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ını təsdiq edib

Azərbaycan Nazirlər Kabineti “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ını təsdiq edib. Bu barədə “AzeriDefence” Nazirlər Kabinetinə istinadən məlumat verib.

Qərar fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə rabitə şəbəkələrinin və vasitələrinin ilk növbədə səlahiyyətli dövlət orqanlarının istifadəsinə verilməsi, rabitə şəbəkələrinin mərkəzləşdirilmiş qaydada idarə olunması, abunəçilərə və istifadəçilərə rabitə xidmətlərinin göstərilməsi istiqamətlərini müəyyən edir. Qaydalar fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə mülkiyyət formasından asılı olmayaraq, bütün telekommunikasiya və poçt rabitəsi operatorlarının fəaliyyətini tənzimləyir.

Sənədə əsasn Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) və Fövqəladə Hallar Nazirliyi (FHN) fövqəladə vəziyyət şəraitində qarşılıqlı əlaqədə olan ümumistifadəli rabitə şəbəkələrinin dayanıqlı işinin və səlahiyyətli dövlət orqanlarının rabitə xidmətlərinə yarana bilən ehtiyaclarının ödənilməsi üçün fövqəladə vəziyyət şəraitinə qədər aşağıdakıları təmin edirlər:

Fövqəladə vəziyyət şəraitində ümumistifadəli telekommunikasiya şəbəkələri RİTN tərəfindən mərkəzləşdirilmiş qaydada idarə olunur. Digər ümumistifadəli rabitə şəbəkələri isə RİTN tərəfindən mərkəzləşdirilmiş qaydada və fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olan şəraitin nəticələrinin aradan qaldırılmasını həyata keçirən FHN və digər dövlət orqanları, habelə xüsusi rabitə şəbəkəsi olan digər subyektlər ilə əlaqəli şəkildə idarə olunur.

Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə yerləşən ümumistifadəli telekommunikasiya şəbəkələrində (o cümlədən “Radio-Televiziya yayımı və Peyk rabitəsi” İstehsalat Birliyinin yayım obyektlərində) və poçt rabitəsinin milli operatorunun (“Azərpoçt” MMC-nin) poçt rabitəsi obyektlərində fövqəladə iş rejimi tətbiq olunur, rabitə birlik və müəssisələri tərəfindən rəhbər və mütəxəssis heyətindən ibarət növbətçi dispetçer xidməti, onun nəzdində təmir-bərpa qrupları təşkil edilir.

Fövqəladə vəziyyət şəraitində telekommunikasiya operatorları və provayderləri ilk növbədə dövlət hakimiyyəti, o cümlədən müdafiə, milli təhlükəsizlik və daxili işlər orqanlarının, FHN-nin, fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi ərazinin komendantının ehtiyacları üçün telekommunikasiya kanallarının ayrılmasını, etibarlılığını təmin etməli, zədələnmiş telekommunikasiya kanallarının dəyişdirilməsi, bərpası üçün təxirəsalınmaz tədbirlər görməli, həmin orqanların telekommunikasiya xidmətlərinə tələbatının ödənilməsinə zəruri şərait yaratmalıdırlar.

Fövqəladə vəziyyət şəraitində telekommunikasiya şəbəkələrinin dayanıqlı işləməsinin təmin edilməsi, müdafiə, milli təhlükəsizlik, daxili işlər orqanlarının, Dövlət Sərhəd Xidmətinin, FHN-in və digər dövlət orqanlarının (o cümlədən fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi ərazinin komendantı) ehtiyaclarının ödənilməsi məqsədi ilə RİTN tərəfindən telekommunikasiya operatorlarının şəbəkələri arasında qarşılıqlı arabağlantının və səlahiyyətli dövlət orqanları ilə razılaşdırılmaqla trafikin istiqamətləndirilməsinin xüsusi şərtləri müəyyən edilir.

Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə fiziki və hüquqi şəxslərin telekommunikasiya şəbəkələrinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulmasına məhdudiyyət qoyula bilər.

Fövqəladə vəziyyət şəraitində hüquqi rejimi təmin etmək vəzifələrini yerinə yetirən Daxili Qoşunlara və fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin nəticələrinin aradan qaldırılmasını həyata keçirən FHN-z öz hərbi hissələrini, bölmələrini və qurumlarını idarə etmək üçün qanunvericiliyə əsasən rabitə xətləri və kanalları ilk növbədə və haqqı ödənilmədən istifadəyə veriləcək.

Qərara əsasən abunəçilər və istifadəçilər (diplomatik immuniteti olanlardan başqa) fövqəladə vəziyyətdə polis, təcili tibbi yardım və fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin nəticələrinin aradan qaldırılmasını həyata keçirən FHN və digər dövlət orqanları işçilərinin telefondan maneəsiz istifadə etmələrinə şərait yaratmalıdırlar.

KATEQORIYA:
Bu xəbəri paylaş