Nazirlər Kabineti müqaviləli xidmətlə bağlı qərar qəbul elədi – qadınların və əcnəbilərin orduda xidmətə qəbul qaydası açıqlandı

Azərbaycan Nazirlər Kabineti “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nı təsdiq edib.“AzeriDefence”nin məlumatına görə, bu Qayda Azərbaycan Silahlı Qüvvələrinə və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə həqiqi hərbi xidmətə bağlaşma əsasında könüllü daxil olan Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.

Qaydalara əsasən Azərbaycan Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 36-cı maddəsinə əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil ola bilərlər.

“Azərbaycan Respublikası qadın vətəndaşlarının hərbi uçot ixtisaslarının Siyahısı”na əsasən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycanın qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Silahlı Qüvvələrdə və ya qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.

Azərbaycan vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarının və ya hərbi hissələrin təşkilati-ştat strukturu üzrə vakant vəzifələr olduğu hallarda qəbul edilirlər.

Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olan şəxslər fiziki hazırlıqlı, mənəvi-psixoloji cəhətdən sağlam, hərbi xidmət keçəcəyi ixtisas üzrə bilikli və ən azı ümumi orta təhsilli olmalıdırlar.

Həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan vətəndaşları ilə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə Silahlı Qüvvələr və ya Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında onların həqiqi hərbi xidmətə daxil olmasına dair bağlaşma tərtib edilir.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 36-cı maddəsinə uyğun olaraq bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
• müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsili olan, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar;
• xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə – xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 19 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular;
• gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar;
• zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar.

Hərbi qeydiyyatda olmayan qadınlar özlərinin razılığı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsi tərəfindən hərbi qeydiyyata götürülürlər. Hərbi qeydiyyata götürülmüş Azərbaycanın qadın vətəndaşlarına, həmçinin xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarına hərbi bilet verilir.

Həqiqi hərbi xidmətə könüllü daxil olmuş Azərbaycan vətəndaşları Azərbaycan Respublikasına və onun xalqına sadiq olacaqları barədə hərbi and içirlər.

Əvvəllər başqa dövlətin silahlı qüvvələrində xidmət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə daxil olarkən, hərbi andın yerinə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edəcəkləri barədə öhdəlik götürürlər.

Bağlaşma əsasında həqiqi hərbi xidmətin müddətləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 38-ci maddəsinə əsasən aşağıdakı kimi təqvim hesabı ilə müəyyənləşdirilir:
• müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün: müddətli həqiqi hərbi xidmətdən daxil olanlar, ehtiyatdan daxil olanlar və qadınlar – 3 il. Bu müddət bitdikdə, müddətdən artıq həqiqi hərbi xidmət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır;
• gizirlər və miçmanlar üçün – 5 il. Bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək, hər dəfə 5 ilədək müddətə uzadılır;
• ehtiyatdan bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün – 1 il 6 ay. Bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər;
• bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər – 3 ilədək. Bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanılır.

KATEQORIYA:
Bu xəbəri paylaş