“Nimr” şirkəti N35 MRAP və “Ajban” xüsusi təyinatlı avtomobilini nümayiş etdirib

“Nimr” şirkətinin istehsalı olan N35 minaya qarşı qorumalı nəqliyyat vasitəsi və 4×4 təkər formuluna malik “Ajban” sinifli xüsusi əməliyyat maşını (SOV) dekabrın 5-də Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü münasibəti ilə keçirilən paradda ilk dəfə nümayiş olunub.

“Nimr Automative” şirkəti tərəfindən CAR-ın “Denel” şirkətinin lisenziyası ilə istehsal edilən N35 minaya qarşı qorumalı nəqliyyat vasitəsinin 4×4 və 6×6 təkər formuluna malik konfiqurasiyaları var.

V gövdəyə malik, polad zirehli N35 maşınının balistik müdafiəsi STANAG 4569 Level 4 (200 metr məsafədən 14.5×114 mm AP / B32 güllələrinə qarşı), minaya qarşı qoruması isə STANAG 4569 Level 4A/4B (10 kq TNT ekvivalenti) səviyyəsinə cavab verir.

4×4 konfiqurasiyalı N35 maşının uzunluğu 5.964 mm, eni 2700 mm, hündürlüyü 2700 mm, daşıma qabiliyyəti 4300 kq, çəkisi 18500 kiloqramdır. 105 km/saat sürətə sahib N35 maşının gediş ehtiyatı 700 km təşkil edir. Maşın sürücü və komandir daxil 9 heyət götürə bilir.

N35 zirehli maşını 6 pilləli avtomat transmissiyaya, 450 at gücündə mühərrikə malikdir.

 

“Ajban” SOV xüsusi təyinatlı qüvvələr üçün nəzərdə tutulmuş uzun mənzilli açıq kəşfiyyat maşınıdır. Bu maşının yaradılmasını “Nimr” şirkəti 2015-ci ilin fevral ayında Abu Dabidə keçirilmiş İDEX-2015 sərgisində elan edib.

Heyəti biri sürücü olmaqla 5 nəfərdən ibarət maşının üzərinə bir ədəd 7.62 mm və ya 12.7 mm çaplı pulemyot daxil edilə bilər. Silahın yerləşdirilməsi üçün maşının üst hissəsində halqa və kronşteyn mövcuddur.

“Ajban” SOV 6 pilləli “Allison 3000SP” avtomat transmissiyaya, “Cummins İSBe 300” 6 silindir, 6.7 litr həcmə malik dizel mühərrikinə sahibdir. 110 km/saat maksimal sürətə, 650 km gediş ehtiyatına malik maşının yanacaq çəni 180 litr tutur.

Hər iki zirehli maşın BƏƏ Ordusunun və xüsusi təyinatlılarının istifadəsində yer alır.

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş