“Nurol Makina” şirkəti DSEI-2017 sərgisində özünün zirehli maşınlarını sərgiləyir

Türkiyənin “Nurol Makina” şirkəti 12-15 sentyabr tarixlərində Londonda keçirilən DSEI-2017 beynəlxalq müdafiə sərgisində “Əjdər Yalçın” və NMS zirehli maşınlarını nümayiş etdirir.

Bu barədə “AzeriDefence”yə “Nurol Makina” şirkətindən məlumat verilib.

Şirkət mütəxəssislərinin sözlərinə görə, beynəlxalq hərbi standartlara uyğun 4×4 təkər formuluna malik “Əjdər Yalçın” TTZA sinfində minaya qarşı ən yüksək qorumanı təmin edir. Maşının mina, ballistik mühafizə və əldəqayırma partlayıcılara qarşı qoruma səviyyəsi dünyada tanınan təşkilatlar tərəfindən test edilərək sertifikatlandırılıb. Eyni zamanda maşın bu özəlliklərini döyüş bölgələrində yaşanan mina və ƏQP hücumlarında göstərdiyi mühafizə ilə də isbat edib. Türkiyənin dövlət rəhbərlərinin mühafizəsində də istifadə olunan “Əjdər Yalçın”ın önəmli üstünlüklərində biri də 360 dərəcədə gələn təhdidlərə qarşı qorumanı təmin etməsidir.

Sürücü və komandir daxil 11 nəfəri daşıya bilən “Əjdər Yalçın”ın döyüş ağırlığı 14 ton, faydalı yükü 4 tondur. 375 at gücündə mühərriklə təchiz olunmuş maşının gediş ehtiyyatı 700 km təşkil edir. 7.75 metr radiusda dönən zirehli maşın 60 % bucaq altında maili yüksəkliyə qalxır, 30 % bucaq altında isə yana maili ərazidə hərəkət edir, 1.1 metr enində xəndəkləri, 0.5 metr hündürlükdə dik maneələri, 1.1 metr dərinlikdə su maneələrini dəf etməyi bacarır. Türkiyədə “Yeriyən qala” olaraq tanınan “Əjdər Yalçın”ın uzunluğu 5625 mm, eni 2500 mm, hündürlüyü 2300 mm, yerdən hündürlüyü isə 450 mm-dir. Maşın MRAP-larla eyni qoruma səviyyəsini təmin etsə də MRAP sinfinə aid edilmir.

Üzərinə fərqli silah sistemlərinin inteqrasiya oluna bilməsi maşına təsirli atəş gücü qazandırır. Monokok V gövdəyə və run-flat təkərlərə sahib “Əjdər Yalçın”da partlayışın təsirini udan ortopedik oturacaqlar qurulub. Maşının qapılarında mina və ƏQP partlayışlarına qarşı xüsusi qıfıl, barıt qazlarının təmizlənməsi üçün havatəmizləyici də qurulub. Ehtiyaca uyğun olaraq maşına RPQ-lərə qarşı qoruma sistemləri, əlavə zireh, NBC qoruma, mərkəzləşdirilmiş təkər doldurma, kameralar, tüstü qumbaraları, soyuq iqlimlər üçün ön isitmə sistemi, GPS naviqasiyası, daxildə və motor bölməsində yanğınsöndürmə sistemlərinin qurulması mümkündür.

“Əjdər Yalçın” zirehli döyüş, komanda-nəzarət, ambulans, KBRN kəşfiyyatı, zirehli personal daşıyıcı, sərhəd nəzarət, hava hücumundan müdafiə, mina və əldəqayırma partlayıcı axtarışı və zərərsizləşdirilməsi kimi fərqli konfiqurasiyalarda istehsal olunur. Şirkət mütəxəssislərinin sözlərinə görə, “Əjdər” ailəsinin özünəməxsus güc qrupu və hərəkət sistemi var.

Yeni NMS adlı maşında isə konsepsiya bir qədər fərqlənir. NMS modulyar maşındır. 4 və 9 nəfər üçün konfiqurasiya edilə bilir. Eyni zamanda balistik mühafizə səviyyəsinin istifadəçinin istəyinə uyğun şəkildə gücləndirilməsi mümkündür. Eyni zamanda ərazidə rahatlıqla istifadəyə imkan verir. NMS-in siluetinin kiçik olması da onu fərqləndirən əsas xüsusiyyətlərdəndir. Bazara yeni təqdim edilən 4×4 təkər formuluna malik NMS xüsusi hərbi şassi üzərinə dizayn edilib. 10 tonluq NMS maşını müstəqil asqıya, mərkəzləşdirilmiş təkər tənzimləmə sisteminə və 4 ton yük götürmə qabiliyyətinə malikdir. Şirkət mütəxəssislərinin sözlərinə görə, çəkisinin yüngül olmasına baxmayaraq maşın yüksək qorumanı təmin edir.

NMS maşının digər bir özəlliyi də eyni gövdə üzərində fərqli dəyişikliklərin edilə bilməsidir. Məsələn, maşın personal daşıyıcı olaraq istehsal edildiyi halda, sonradan arxa hissəni açıq və ya qapalı bölməyə çevirmək mümkündür. Keçicilik qabiliyyəti, dönmə radiusunun 6 metr olması və s. bu kimi xüsusiyyətləri şəhər daxilində əməliyyatlarda maşına mühüm üstünlüklər qazandırır. 300 at gücündə mühərriklə təchiz edilmiş NMS 4×4 maşının sürəti 140 km/saat, gediş ehtiyatı 700 km təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş