Ordudan tərxis olunan hərbi qulluqçuların yola salınması mərasimi keçirilib

Azərbaycan prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” müvafiq sərəncamının icrası Silahlı Qüvvələrdə davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, bu münasibətlə “N” saylı hərbi hissədə ordudan tərxis olunan hərbi qulluqçular üçün “Xidmətinə görə sağ ol əsgər!” adlı yola salınma mərasimi keçirilib.

Hərbi hissənin zabiti polkovnik-leytenant Rasim Manafov şəxsi heyəti və qonaqları salamlayaraq komandanlığın təbrik-müraciətini hərbi qulluqçulara çatdırıb. O, hərbi xidməti uğurla başa vurmuş gənclərə səmimi arzularnı bildirərək xidmətə yeni başlayan əsgərlərə də uğurlar arzulayıb.

Ehtiyata buraxılan əsgərlər haqqında məlumatlar verilib, xidmətdə əldə etdikləri nailiyyətlərdən söhbət açılıb. Sonra döyüş növbəsinin rəmzi təhvili mərasimi həyata keçirilib. Ehtiyata buraxılan əsgər silahını, dəmir dəbilqəsini və zirehli gödəkçəsini onu əvəz edəcək gənc əsgərə təqdim edib.

Gənc əsgər isə silahdaşları adından, özündən əvvəlki döyüşçülərin ənənələrini davam etdirəcəklərinə, Ali Baş Komandanın rəhbərliyi altında tezliklə işğal altında olan Azərbaycan torpaqlarından xalqa qələbə müjdəsi gətirəcəklərinə and içib.

Daha sonra, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya fəxri fərmanlar təqdim olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş