Ötən gün Xızıda 1147 partlamamış sursat, Mingəçevirdə top mərmisi zərərsizləşdirilib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlamamış hərbi sursatların zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA-nın digər aidiyyati qurumlarla birgə keçirdiyi əməliyyat tədbirləri çərçivəsində sentyabrın 22-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Sitalçay kəndi ərazisində 2 əkin sahəsinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

Əməliyyat-axtarış zamanı 1 147 ədəd partlamamış hərbi sursat (PHS), 87 ədəd partlamış-yanmış mərmi qalıqları və 905 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 1 216 420 kv.m (121.64 ha) ərazi yoxlanılıb.

Ümumilikdə, 27 gün ərzində Xızıda aparılan əməliyyat-axtarış zamanı 9 211 ədəd partlamamış hərbi sursat (PHS), 3 945 ədəd partlamış-yanmış sursat qalıqları və 14 010 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 39 031 588 kv.m (3 903.16 ha) ərazi yoxlanılıb. Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Bundan başqa, sentyabrın 22-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Mingəçevir şəhərində Daş bazarının yaxınlığında partlamamış mərminin olması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilib, əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 76 mm-lik top mərmisi (OF-343) aşkar olunub və götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş mərminin ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş