Ötən il Azərbaycan Ordusunda xarici dövlətlər tərəfindən 4 inspeksiya keçirilib

2017-ci ilin yanvar ayınadək Azərbaycan Silahlı Qüvvələrində Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə çərçivəsində müxtəlif iştirakçı dövlətlər tərəfindən 119 dəfə inspeksiya keçirib.

Müdafiə Nazirliyindən “AzeriDefence”yə verilən məlumata görə, Azərbaycan şəffaflığı və etimadı təmin etmək məqsədilə özünün Silahlı Qüvvələri barədə illik məlumat mübadiləsində iştirak edir və təqdim olunan məlumatlar əsasında iştirakçı dövlətlərdən inspeksiyalar qəbul edir.

Ötən il (2016-cı ildə) bu məqsədlə 4 inspeksiyanın keçirilməsi təmin olunub.

Azərbaycan Təhlükəsizlik və Etimad Quruculuğu Tədbirlərinə dair Vyana Sənədinə (VS) qoşulduğu gündən 2017-ci ilin yanvar ayınadək Silahlı Qüvvələrimizdə iştirakçı dövlətlər tərəfindən 61 dəfə “Göstərilmiş rayonun” inspeksiyası və 29 dəfə “Qiymətləndirmə” səfəri keçirilib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri hər il bu növ 3 inspeksiyanı qəbul edir. İnspeksiyanın keçirilməsi haqda hesabat inspeksiyadan sonra 14 gündən gec olmayaraq ATƏT-in rabitə şəbəkəsi vasitəsilə bütün iştirakçı dövlətlər arasında yayılır.

Bundan əlavə Vyana Sənədi çərçivəsində Azərbaycan Silahlı Qüvvələrində ildə bir dəfə “Qiymətləndirmə” səfəri keçirilir. Səfərin məqsədi illik məlumat mübadiləsində elan edilən hər hansı bir hərbi hissənin yerində yoxlanılmasıdır. Səfər yalnız “fors major” hallarında keçirilməyə bilər.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş