Ötən il Azərbaycanın hərbi sənaye sektoruna 287.2 mln.dollar investisiya qoyulub

Ötən il Azərbaycanın hərbi sənaye kompleksində yeni istehsal sahələrinin yaradılması və təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərə 224 mln. manat (287.2 mln. USD) vəsait yönəldilib. “AzeriDefence”nin xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin 2012-ci ildə fəaliyyətinə dair hesabatında bildirilir.

Hesabat dövründə 3 yeni istehsal sahəsi yaradılıb. Hazırda daha 5 obyektdə işlər davam etdirilir və onların 2013-cü il ərzində istifadəyə verilməsi planlaşdırılır.

Ötən il hərbi müəssisələrdə 119,8 milyon manat məbləğində müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 700-ə çatdırılıb.

2012-ci ildə Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal proqramının yaradılma bölməsində raket-artilleriya və atıcı silahlara, döyüş sursatlarına, optik cihazlara, mühəndis texnikası, hərbi texniki əmlak və zirehli texnikanın ehtiyat hissələri, rabitə sistemləri, kimyəvi mühafizə sistemləri və kəşfiyyat sistemlərinə aid 74 mövzu üzrə təcrübi-konstruktor işləri aparılıb. Bundan 18 mövzu üzrə işlər, o cümlədən müxtəlif minaatanlar, minalar, avtomat, təlim vasitələri, zirehli texnikalar üçün tırtıl dəsti, fərdi əleyhqaz və s. başa çatdırılaraq silahlanmaya tövsiyə edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş