OTOKAR 2012-ci ildə rekor vurdu

Türkiyənin “Otokar” şirkəti 2011-ci ildə 72% böyüyərək gəlirini 890 mln. Türk lirəsinə (TL) yüksəldib. Satış həcmini 58% artıran şirkətin mənfəəti isə 55 mln. TL olub. Bu barədə “AzeriDefence” saytı “Otokar” şirkətinə istinadən məlumat yayıb.“Otokar” baş direktoru Sərdar Görgüçün sözlərinə görə, 2011-ci il şirkətin tarixində ən müvəffəqiyyətli il olub. “Otokar”ın son 8 ildə böyüməsi orta hesabla 19%, 2011-ci ildə isə 72% olub. Satışların 65%-ni ticari, 35%-ni hərbi nəqliyyat vasitələr təşkil edib. Ümumilikdə şirkət 2011-ci ildə 5507 ədəd nəqliyyat vasitəsinin satışını reallaşdırıb.

Ötən il “Otokar” tərəfindən 96 mln. ABŞ dolları səviyyəsində ixracat həyata keçirdiklərini deyən S. Görgücün sözlərinə görə, ixrac 2010-cu illə müqayisədə 110% artıb: «Öz markamızı hazırlamamız və çıxarmamız bizim üçün böyük üstünlükdür. Bu gün “Otokar” markalı məhsullar 5 qitədə 60-dan çox ölkədə istifadə edilir».

Müdafiə sənayesindəki fəaliyyətlərindən danışan S. Görgüc əlavə edib ki, hazırda “Otokar” istehsalı olan zirehli texnikalar 20-dən çox ölkədə, o cümlədən BMT sülhməramlı qüvvələrində müvəffəqiyyətlə istifadə olunur.

““Cobra” zirehli transportyorlarımız bu gün dünyada öz sinifində ən çox tanınan türk nəqliyyat vasitəsi oldu. 2011-ci ildə də “Cobra” istifadəçilərinə yeni ölkələr əlavə edildi. 2011-ci ildə Türkiyənin ilk əsas müharibə tankı “Altay”ın gerçək ölçülü modelini sərgilədik. “Altay” həm ölkə daxilində, həm də xaricdə ən qürur duyduğumuz layihədir”, deyə S. Görgüc əlavə edib.

2011-ci ildə araşdırma və inkişaf işlərinə 11 mln. TL sərmayə qoyduqlarını söyləyən S. Görgüç, hazırda “Otokar”da bu işlə 300 mühəndisin çalışdığını vurğulayıb: “Müdafiə sənayesində Türkiyənin ilk 8×8 formullu hərbi nəqliyyat vasitəsi “Arma” zirehli transportyorunu sənayemizə qazandırdıq. Yenə əldəqayırma partlayıcı və bombaların məhv edilməsi üçün inkişaf etdirilən “Arma” 6×6 EOD maşınını inkişaf etdirdik. Son olaraq Türkiyənin uzaqdan komanda ilə idarə olunan ilk xüsusi silah qülləsi “Mizraq”ı məhsul ailəmizə əlavə etdik”.

S. Görgüc onu da əlavə edib ki, “Otokar” şirkəti 2012-ci ildə gəlirini 1 mlrd. TL-yə yüksəltməyi hədəfləyir.

Otokar baş direktoru S. Görgüc bu arada “İhlas” xəbər agentliyinə verdiyi müsahibədə perspektiv planlarından, o cümlədən, “Altay” tankı barədə danışıb.

“Altay” üzrə işlərin layihənin qrafikinə uyğun davam etdiyini deyən şirkət rəhbəri tankın ilk prototiplərinin 2012-ci ilin sonunda hazır olacağını vurğulayıb.

““Altay” Türkiyənin müdafiə sənayesi sektorunu qarşıda dəyişdirə biləcək, şəkilləndirəcək çox prestijli bir proyektdir. Dünyada öz tankını istehsal edən barmaqla sayıla biləcək ölkə var. Bu layihə ilə həm Türkiyə, həm də müdafiə sənayesi ayrı bir liqaya girir. O baxımdan “Altay” çox əhəmiyyətli bir proyektdir”, – deyə S. Görgüc vurğulayıb.

Təxminən 78,5 ay davam edəcək layihə “Altay”ın dizaynı, prototip emalatı və kalifikasiyası, istifadəçi istəklərinə uyğun testlərin keçirilməsini özündə etiva edir.

Görgüc ilk dəfə 2011-ci ildə sərgilənmiş 6×6 təkər formullu “Arma” zirehli transportyoru üçün iki ayrı xarici ölkə ilə müqavilə bağladıqlarını bildirib: “2012-ci ildə 8×8 formullu “Arma”nın da təqdimatını etdik. Önümüzdəki illərdə “Arma” ailəsinin həm 6×6 həm 8×8 formulunun emalatı və müqavilələri ilə məşğul olacağıq”.

KATEQORIYA:
Bu xəbəri paylaş