Özbəkistan hərbi-sənaye kompleksinin inkişafına dair 5 illik Tədbirlər Planı hazırlanır

Özbəkistan hərbi-sənaye kompleksinin inkişafına dair 5 illik Tədbirlər Planı hazırlanır

Özbəkistan Respublikasının 2020-2025-ci illər üçün hərbi-sənaye kompleksinin inkişafına dair Təcrübə Tədbirləri Planı (“Yol Xəritəsi”) hazırlanır.

Bu barədə “AzeriDefence” Özbəkistanın Dövlət Müdafiə Sənayesi Komitəsinə istinadən məlumat verib.

Sənəddə Özbəkistan Silahlı Qüvvələrinin müasir silah, hərbi və xüsusi texnika və digər əmlakla tam təmin olunmasına, yerli müəssisələrin istehsal bazasının inkişaf etdirilməsinə yönəlmiş bir sıra tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək.

Məlumatda bildirilib ki, uzun illər Özbəkistan Silahlı Qüvvələrinin hərbi və ikili təyinatlı məhsullarla təchiz edilməsi idxal yolu ilə aparılıb ki, bu da ordunun hərbi və xüsusi texnika, silah və digər zəruri əmlakla vaxtında təchiz edilməsini təmin etməyib. Xarici təchizatdan asılılıq təhlükəsi yaranıb. Eyni zamanda Çirçik Aviasiya Təmiri Zavodu (ÇARZ), “Vostok” Elmi İstehsalat Birliyi kimi ixtisaslaşmış müəssisələrin iflasa uğraması yerli müdafiə sənayesinə ağır zərbə vurub.

2017-ci ilin noyabr ayında yaradılan Özbəkistan Respublikasının Dövlət Müdafiə Sənayesi Komitəsi (DMSK) müdafiə sifarişləri və müdafiə istehsalının təşkili işində səlahiyyətli orqan sayılır. Komitə dövlət müdafiə sifarişlərinin formalaşdırılması və icrası, dövlət və iqtisadi idarəetmə orqanlarının, yerli icra hakimiyyəti orqanlarının müdafiə sənayesində fəaliyyətinin əlaqələndirilməsi, silahların, hərbi və xüsusi texnikanın və digər əmlakın yaradılması, istehsalı, təmiri, modernləşdirilməsi, xarici tərəfdaşlarla texniki əməkdaşlıq və s. həyata keçirir.

Son iki ildə MSDK tərəfindən 20 ölkə ilə hərbi-texniki əməkdaşlıq qurulub, xarici tərəfdaşlarla hərbi-texniki sahədə əməkdaşlıq haqqında ondan çox Saziş və Memorandum imzalanıb. Sistemli olaraq, Özbəkistan Silahlı Qüvvələrinin ehtiyacları üçün müasir silahlar və hərbi texnikanın alınması ilə bağlı işlər aparılır.

Komitədən bildirilib ki, Özbəkistan Silahlı Qüvvələrinin 2018-2019 illəri ərzində hərbi və ikili təyinatlı məhsullarla təchiz edilməsi məqsədi ilə, yerli müəssisələrdə “KamAZ” yük avtomobilinin bazasında xüsusi nəqliyyat vasitələrinin, hərbi radiostansiyaların, fərdi tənəffüs qoruyucu vasitələrin, hərbçilər üçün fərdi qida rasionlarının və digər məhsulların yaradılması və istehsalı üçün layihələr həyata keçirilib. Müdafiə Nazirliyinin silahlanmasında mövcud olan mənəvi və fiziki cəhətdən köhnəlmiş silahların və hərbi texnikaların modernləşdirilməsi istiqamətində işlər aparılır. Bu çərçivədə silahlanmada mövcud olan BM-21 “Qrad” yaylım atəşli reaktiv sisteminin şassisi dəyişdirilib. Təlimlər zamanı sistemin praktik sınaqları müsbət nəticələr göstərib.

BTR-70 üzərində aparılan təkmilləşdirmələr nəticəsində zirehli transportyor əlavə zirehlə gücləndirilib. Yeni dizel mühərriki və transmissiya quraşdırmaqla zirehli maşının döyüş və manevr qabiliyyəti yaxşılaşdırılıb.

Silahlanmada mövcud olan T-64 tanklarının güc bölməsi tam yenilənib. Tank daha güclü müasir mühərrik və rəqəmsal radiostansiya ilə təchiz olunub.

Bundan başqa, Özbəkistan Ordusunun istifadəsində mövcud olan QAZ-66 avtomobilləri yeni mühərriklər və “Isuzu” ötürücü qutusu ilə təchiz olunub ki, bu da avtomobillərin keçicilik qabiliyyətini və səmərəliliyini artırıb.

Özbəkistanın yerli müəssisələrində həmçinin, “KamAZ” avtomobillərinin bazasında istənilən şəraitdə qoşunların davamlı idarə edilməsini təmin edən səyyar komanda məntəqəsi, həmçinin səyyar tibb məntəqəsi yaradılıb.

Əsaslı təmir və yenidən qurmadan sonra ÇARZ zavodunda “Mi” seriyalı helikopterlərinin tam təmirinə başlanıb. Həmçinin Su-25 tipli təyyarələrin əsaslı təmiri mənimsənilib.

Kiçik çaplı atıcı silahlar üçün patronların istehsalının davam etdirildiyi “Vostok” Elmi İstehsalat Birliyində 2020-ci ilin birinci yarısında yeni bir kalibrdə patron istehsal xəttinin istifadəyə verilməsi planlaşdırılır.

Komitədən həmçinin bildirilib ki, hərbi geyimlərin istehsalı üçün Özbəkistan-Türkiyə birgə müəssisəsi yaradılıb. Şirkətin 2020-ci ilin ikinci rübündən etibarən tam gücü ilə işə başlaması gözlənilir.

Nazim Hacıyev

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş