
Özbəkistan yerli müəssisədə müasirləşdirilmiş artilleriya sistemlərini sınaqdan keçirib
Özbəkistanın Dövlət Hərbi Sənaye Komitəsinin müəssisələri tərəfindən Müdafiə Nazirliyinin sifarişi üzrə müasirləşdirilmiş artilleriya sistemlərinin sınaqları keçirilib.
“AzeriDefence”nin Özbəkistan KİV-lərinə istinadən verdiyi məlumata görə, Mərkəz Hərbi Dairəsinin Kattakurqan poliqonunda keçirilmiş sınaqlarda müasirləşdirilmiş 120 mm “Nona” minaatanı və 122 mm GM-21MK yaylım atəşli reaktiv sistemləri (bir nümunə “Ural” digəri “KamAZ2 şassisində) iştirak edib.
Fotolardan göründüyü qədər 120 mm çaplı “Nona”nın qülləsi baza versiyasından fərqli olaraq BTR-60 zirehli transportyorun şassisi üzərinə qurulub. “Nəticədə maşının hərəkət sürəti 80 km/saatadək artıb. Həmçinin hərəkət zamanı hədəflərin məhv edilməsinin sürəti yüksəlib”, – deyə Özbəkistanın Müdafiə Nazirliyi bəyan edib.
Müasirləşdirilmiş YARS-larda isə şassi dəyişdirilməklə yanaşı, döyüş maşınları müasir atəş-idarəetmə sistemi və naviqasiya cihazları, həmçinin məsafədən idarə etmə sistemi ilə təchiz olunub. Müasirləşdirilmiş YARS-in xaricdən alınan yeni reaktiv mərmilərlə 40 km-ə çatdırılıb.
“KamAZ-43118” şassisində quraşdırılmış yaylım atəşli reaktiv sistemə GM-21MK “Boran” indeksi verilib.