Pakistan Çindən 236 ədəd SH-15 özüyeriyən haubitsa alır

Pakistan Çindən 236 ədəd SH-15 özüyeriyən haubitsa alır

Pakistan Ordusu Çinin NORICO şirkəti ilə SH-15 özüyeriyən haubitsaların satın alınmasına dair müqavilə imzalayıb.

“AzeriDefence”nin Pakistan mediasına istinadən verdiyi məlumata görə, ümumi dəyəri 512 milyon ABŞ dolları təşkil edən müqavilə üzrə Pakistan 236 ədəd SH-15 özüyeriyən haubitsa alacaq.

155 mm çaplı SH-15 özüyeriyən habubitsa 6×6 təkər formuluna malik “Shaanxi” maşınının şassisi üzərində yerləşir. Zirehli kabinədən və yük bölməsindən ibarət maşının yük bölməsində qurulan 155 mm-lik top NORINCO tərəfindən yeni hazırlanıb. Zirehli kabinə heyəti kiçik silahların atəşindən və artilleriya mərmilərinin qəlpələrindən mühafizə edir. SH-15 standart sursatla 20 km uzaqlıqda, reaktiv mərmilərlə 53 km məsafədə hədəflərə atəş aça bilir.

Qeyd edək ki, SH-15 haubitsası 2018-ci ilin noyabr ayında Karaçi şəhərində keçirilmiş IDEAS-2018 beynəlxalq müdafiə sərgisində nümayiş etdirildikdən sonra Pakistan Ordusunun sınaqlarına verilib.

Pakistan Ordusu buna qədər Serbiyanın “Nora” və CAR-ın “Denel” şirkətinin T5-52 haubitsalarını sınaqdan çıxarıb.

Məlumat üçün bildirək ki, Pakistan bundan əvvəl – 2013-2014-cü illərdə Çindən 36 ədəd 155 mm-lik SH-1 haubitsası satın alıb.

KATEQORIYA:
Bu xəbəri paylaş