Pakistan Ordusu Çinin VT-4 tankını sınaqdan keçirir – FOTO

Pakistan Silahlı Qüvvələri Çinin MBT-3000 adıyla tanınan VT-4 əsas döyüş tankını sınaqdan keçirir.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi nəlumata görə, Pakistan Ordusunda test edilən VT-4 tankının yeni görüntüləri yayımlanıb.

Çinin NORİNCO korporasiyasının istehsalı olan VT-4 tankı Ukraynanın yeni nəsil tankı sayılan “Oplot-M” tankı ilə rəqabət aparır. Bundan əvvəl 2015-ci ildə Pakistanda “Oplot-M” və VT-4 tanklarının sınaqları keçirilib. Pakistan Ordusu sınaqdan uğurla keçən tankı silahlanmaya qəbul etmək niyyətindədir.

Məlumatda o da qeyd olunub ki, VT-4 tankı Pakistan Ordusunun silahlanmasında yer alan “Al-Khalid” (T-80UD) və MBT-2000 tanklarından fəqrqli olaraq daha güclü, 1300 at gücündə su soyumalı dizel mühərriklə təchiz edilib. Tankın maksimal surəti 75 km/saat, gediş ehtiyatı 500 kilometr, döyüş ağırlığı 51 ton təşkil edir. Tankın silahlanmasına 125 mm-lik yivsiz avtomatik top, həmçinin onunla birləşdirilmiş 7,62 mm-lik pulemyot daxildir.

Döyüş komplekti 38 sursatdan ibarətdir. MBT-3000 tankı müxtəlif zirehdeşən sursatlardan, 5000 m məsafədəki hədəflərə tank əleyhinə idarəolunan raketdən atəş aça bilir. Tankın qülləsinin üzərində 12,7 mm-lik distans idarə etməli pulemyot qurulub.

Tankın korpusu və qülləsi qaynaq olunmuş poladdan istehsal edilib. Ön səthdə müdafiəni təmin etmək üçün kompozit materiallardan istifadə olunub. Tankın özünümüdafiə sistemi qüllə üzərində quraşdırılan 12 qurğulu sistemdən ibarətdir. Bu qurğuya 8×76 mm-lik tüstü qumbarası və 4×76 mm-lik qəlpəli mərmi daxildir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş