Pakistan Senatının rəsmisi Azərbaycana hərbi sənaye sahəsində əməkdaşlığın gücləndirilməsini təklif edib

Pakistan Azərbaycanla hərbi sənaye sahəsində əməkdaşlığın gücləndirilməsini istəyir. “AzeriDefence”nin məlumatına görə, bunu Bakıda jurnalistlərə açıqlamasında Pakistan Senatının sədr müavini Mir Can Cəmali bildirib.

Müdafiə sənayesi sahəsində əməkdaşlıq üçün zəmin olduğunu deyən pakistanlı senator Azərbaycanın müvafiq qurumlarını əməkdaşlığa dəvət edib.

Senat rəsmisinin sözlərinə görə, bu gün Pakistan özünün milli hərbi sənayesinə malikdir. Hansı ki, ölkə bir nüvə silahına malik dövlət olmaqla yanaşı tələb duyulan hərbi mərbi məmulatları da istehsal edir. Bu məhsullar sırasına “Al-Khalid” tankının, döyüş təyyarələrinin, müxtəlif raketlərin istehsalı, hərbi gəmi və texnikaların modernizasiyası daxildir.

“Bu gün biz öz silahlarımızı istehsal edir, hərbi texnikalarımızı modernləşdiririk. Azərbaycanlı qardaşlarımıza çatdırmaq istəyirik ki, Pakistan olaraq Türkiyə ilə bir yerdə hər zaman Azərbaycanı dəstəkləməyə hazırıq”, – deyə Mir Can Cəmali vurğulayıb.
Cəmali bildirib ki, bu gün Pakistan müdafiə sənayesində bəzi layihələri həyata keçirərkən maliyyə sıxıntıları ilə üzləşir. Azərbaycanda isə bu problem yoxdur.

Senat rəsmisi qeyd edib ki, hazırda Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Bakıda səfərdədir. Onun görüşlərində də bu sahədə əməkdaşlığın möhkəmləndirilməsinə dair məsələlər müzakirə olunacaq.

Pakistanlı senator Bakıdan Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistana mesaj da ünvanlayıb: «Biz Ermənistanı bir dövlət olaraq tanımırıq. Pakistan Azərbaycanı dəstəkləyir və dəstəkləməkdə davam edəcək. Zaman keçdikcə biz bu mövqeyimizi daha da möhkəmləndirəcəyik”.

KATEQORIYA:
Bu xəbəri paylaş