Pakistanın GİDS şirkəti Azərbaycanla yeni layihələri görüşür

Pakistanın GİDS şirkəti Azərbaycanla yeni layihələri görüşür

Pakistan müdafiə sənayesinin aparıcı təşkilatlarından olan GİDS Azərbaycanla bir sıra məhsulların birgə istehsalı və texnologiya transferinə dair müzakirələr aparır.

Bu barədə “AzeriDefence” jurnalına GİDS şirkətinin biznesin inkişafı üzrə direktoru Əsəd Kamal bildirib.

Onun sözlərinə görə, ötən müddətdə GİDS və Müdafiə Sənayesi Nazirliyi arasında bununla bağlı görüşlər keçirilib: “Azərbaycan tərəfi bizim imkanlarımızla yaxından tanışdır. Bu günədək DİN Daxili Qoşunlarına və bir neçə quruma kiçik həcmli də olsa məhsullar ixrac etmişik. Müdafiə Sənayesi Nazirliyinə daxil olan müəssisələrlə görüşmələrimiz olub və Azərbaycan tərəfi bəzi məhsulların birgə istehsalına maraqlı olduğunu deyir. Bu istiqamətdə bir neçə görüşümüz oldu. Son olaraq IDEF-2019 sərgisində də MSN rəhbərliyi ilə keçirilən görüşdə perspektiv layihələr bir daha müzakirə edildi”.

Əsəd Kamal Azərbaycan müdafiə sənayesi müəssisələrinin GİDS-lə birgə aviasiya bombaları üçün partladıcılar, dərinlik bombaları, optik sistemlər, proqram təminatlarının hazırlanması sahəsində əməkdaşlığa maraqlı olduğunu vurğulayıb.

“Biz Azərbaycanla bütün sahələrdə əməkdaşlığa açığıq. Azərbaycan Ordusu və müdafiə sənayesi ilə təcrübəmizi, texnologiyamızı bölüşə bilərik”.

GİDS-in innovativ məhsullarının Pakistan Silahlı Qüvvələri və bir sıra Yaxın Şərq dövlətlərinin orduları tərəfindən istifadə olunduğunu vurğulayan Əsəd Kamalın sözlərinə görə, bu məhsullar öz texnoloji imkanlarına görə, xarici analoqları ilə rəqabət aparır.

“Pakistan dünyanın ən böyük silahlı qüvvələrindən birinə malikdir. Pakistan ordusu daim döyüş vəziyyətindədir. Həm terrorçularla, həm də Hindistanla sərhəddə döyüş əməliyyatları aparır. Onu da deyim ki, Pakistan ordusunun istehsalçılar qarşısında sərt tələbləri var və bu da daha mükəmməl məhsulların istehsalına gətirib çıxarır”, – deyə Ə. Kamal bildirib.

Şirkət rəsmisi onu da əlavə edib ki, GİDS-in PAKFİRE Artilleriya Atəş İdarəetmə Sistemi, aviasiya bombaları, aviasiya vasitələri üçün flare ve chaff sistemləri, zenit topları üçün məsafədən idarəetmə və komanda sistemi, hərbi batareyaları Azəbaycan hərbçiləri tərəfindən bəyənilib.

“Məsələn, tərəfimizdən Pakistan Ordusunda mövcud olan 37 mm-lik iki lüləli zenit topları müasiləşdirilib və bunun üçün xüsusi atəş idarəetmə sistemi yaradılıb. Bununla topun heyəti azaldılıb və idarə etməsi məsafədən, hətta bir neçə yüz metr uzaqlıqdan, bağlı sığınacaqlardan belə həyata keçirilə bilir. Azərbaycan Ordusunda 23 mm-lik toplar var. Bu idarəetmə sistemini həmin toplara tətbiq etməklə, heyətin sayını azaltmaq, idarəetməni məsafədən həyata keçirmək və asanlaşdırmaq, təhlükəsizliyi təmin etmək mümkündür. Eləcə də bununla silahın hədəfi yüksək sürətlə izləməsi təmin edilir”.

Əsəd Kamal GİDS-in Pakistan Silahlı Qüvvələrinin icazəsi ilə 2018-ci ilin sonlarından “Burraq” pilotsuz uçuş aparatının beynəlxalq bazarda marketinqinə başladığını da qeyd edib. “Burraq”ın mühərrik istisna olunmaqla tam şəkildə Pakistan istehsalı olduğunu söyləyən GİDS rəsmisinin sözlərinə görə, avtopilot, naviqasiya, kommunikasiya və kamera sistemi daxil olmaqla, bütün hissələr yerli olaraq hazırlanıb. Pakistan Silahlı Qüvvələri tərəfindən 3 ildir istifadə edilən “Burraq”ın xaricə satışına icazə verilib.

“Burraq” PUA-nın uçuş mənzili 1000 km, data-link mənzili isə 225 kilometr, füzelyajın uzunluğu 5.4 metr, qanad açıqlığı 8 metrdir. Havada 12 saatdan çox qala bilən PUA 50 kq faydalı yük daşıya bilər. 220 km/saat sürətə malik “Burraq” 4870 metr əməliyyat hündürlüyünə malikdir. PUA-nın faydalı yükünə infraqırmızı kamera, gücləndirilmiş TV kamera, GPS, lazer nöqtələyici və lazer məsafəölçən daxildir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş