“Paramount Group” Azərbaycanla yeni layihələri nəzərdən keçirir

CAR -ın “Paramount Group” şirkəti Azərbaycanda fəaliyyətini genişləndirməyi planlaşdırır.

Bu barədə “AzeriDefence”yə “Paramount Group” şirkətinin icraçı sədri Ayvor İçikovitz bildirib.

Şirkət rəhbəri qeyd edib ki, Azərbaycan MSN ilə 2010-cu ildə zirehli maşınların istehsalı proqramına başlasalar da işlər ləng gedir: “Layihə üzrə istehsal edilmiş maşınlar Azərbaycan Silahlı Qüvvələrinə çatdırılıb. Bildiyim qədər Azərbaycan hərbçiləri bu maşınları döyüş bölgəsində istifadə edirlər. Hərbçilərdən gələn rəylər də müsbətdir”.

İçikovitz 6×6 təkər formuluna malik “Mbombe” zirehli maşınının bir nümunəsinin də Azərbaycanda olduğunu və həmin nümunənin 2016-cı ilin sentyabr ayında Bakıda ADEX -2016 sərgisində nümayiş etdirildiyini bildirib.

Şirkət rəhbəri “Paramount Group”un aviasiya bölməsinin Azərbaycan ilə 2000-ci illərin ortalarından başlayan helikopter modernizasiyası proqramı üzrə fəaliyyətlərin genişləndirilməsi istiqamətində bəzi müzakirələr apardığını qeyd edib.

“Bizim birgə modernizə etdiyimiz helikopterlər real döyüş şəraitində istifadə olunub. Biz Azərbaycana daha mükəmməl həll təklif edə bilərik. Bu həm helikopter modernizasiyası, həm də yeni “ağıllı” aviasiya texnikası adlandırdığımız “Mwari” yüngül çoxməqsədli təyyarəmiz ola bilər”, – deyə A.İçikovitz  əlavə edib.

Şirkət rəhbəri qeyd edib ki, 2017-ci ilin son rübündə seriyalı istehsalına başlanacaq “Mwari” öz imkanlarına və qiymətinə görə sinfindəki ən yaxşı təyyarədir. Bu təyyarə həm kəşfiyyat, patrul, axtarış-xilasetmə əməliyyatları, həm də piyadalara aviasiya dəstəyi üçün istifadə edilə bilər. Təyyarəni idarə olunan və olunmayan aviasiya bombaları və raketlərlə silahlandırmaq mümkündür. İki heyətə malik təyyarənin pilot kabinəsi helikopterdəki kimi dizayn edilib. Kiçik ərazidən havaya qalxa və enə bilən təyyarə havada fasiləsiz 6 saat uçuş etmək imkanına sahibdir.

“”Mwari” düşünürəm ki Azərbaycan şərtlərinə də uyğundur. Bir döyüş helikopterinin qiymətinə 4 bu təyyarədən əldə etmək olar. Bundan başqa, “Mwari” helikopterdən daha manevrli, texniki baxım maliyyəti sərfəli, radara aşkarlanması minimumdur. Bu təyyarə dənizdə neft -qaz platformalarının mühafizəsi ilə yanaşı dağlıq ərazilər üzərində də müxtəlif əməliyyatlarda istifadə oluna bilər”.

KATEQORIYA:
Bu xəbəri paylaş