Penitensiar Xidmət Müdafiə Sənayesi Nazirliyindən BRDM-2M alıb – FOTO

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Müdafiə Sənayesi Nazirliyinin “Cihazqayırma” zavodunun istehsalı olan zirehli maşın alınıb. Bu barədə “AzeriDefence” Penitensiar Xidmətin saytına istinadən məlumat verib.

Zirehli maşın Mühafizə Alayının döyüş hazırlığının artırılması, şəxsi heyətin xüsusi texnikadan istifadə qabiliyyətinin təkmilləşdirilməsi və eləcə də mümkün kütləvi iğtişaşların qarşısının alınmasında istifadə olunacaq.

“AzeriDefence”nin Müdafiə Sənayesi Nazirliyindən dəqiqləşdirdiyi məlumata görə, Penitensiar Xidmətin aldığı maşın BRDM-2 kəşfiyyat-döyüş maşınının modernləşdirilmiş versiyasıdır. Modernləşmə zamanı maşının manevr imkanları artırılıb, həmçinin yanlardan qapılar açılıb.

Hazırda bu maşının üzərinə kütləvi iğtişaşların yatırılması zamanı tətbiq olunan müxtəlif təsiredici sistemlərin inteqrasiyası nəzərdən keçirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş