“Pentaqon” “Lockheed Martin” şirkətindən AGM-158B JASSM-ER qanadlı raketlərini alır

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “Lockheed Martin” şirkəti ilə AGM-158B JASSM-ER (Joint Air-to-Surface Standoff Missile-Extended Range) “hava-səth” qanadlı raketlərinin satın alınmasına dair müqavilə imzalayıb.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

414 milyon ABŞ dolları təşkil edən müqavilə çərçivəsində “Lockheed Martin” şirkəti ABŞ Hərbi Hava Qüvvələrini (HHQ) daha 360 ədəd AGM-158B JASSM-ER raketləri ilə təmin edəcək.

Sifarişə əsasən 360 ədəd sözügedən raketlərin 2020-ci il avqustun 31-nə qədər sifarişçiyə çatdırılması planlaşdırılıb.

JASSM-ER rəqibin havadan müdafiə vasitələrini, yüksək müdafiəli stasionar və yerdəyişən (kvazistasionar) hədəfləri məhv etmək üçün nəzərdə tutulub.

İlk partyası 2014-cü ildə ABŞ HHQ-nin inventarına daxil edilən JASSM-ER uzun mənzilli raketlərinin çəkisi 910 kq, döyüş başlığı – WDU-42/B 450 kq, atış məsafəsi 1000 km təşkil edir.

AGM-158B JASSM-ER qanadlı raketin yeni nəsil lazerli yönləndirmə dəsti İNS və GPS ilə təchiz olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş