Peşəkar hərbçilər yetişdirən ixtisas hazırlığı kursları başa çatıb

Peşəkar hərbçilər yetişdirən ixtisas hazırlığı kursları başa çatıb

Naxçıvan Qarnizonu Qoşunlarında ixtisas hazırlığı kursları uğurla başa vuran məzunların növbəti xidmət yerlərinə yola salınması münasibətilə mərasim keçirilib.

Bu barədə “AzeriDefence” “Nuhçıxan”a istinadən məlumat verib.

Naxçıvan Qarnizonu Qoşunlarında zabit, gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kursları zamanı kursantlarla ümumqoşun və ixtisas hazırlıqlarından məşğələlər keçirilib. Məşğələlərdə əsas diqqət şəxsi heyətə hərbi-nəzəri biliklərin və praktiki vərdişlərin öyrədilməsinə yönəldilib.

Kurslar zamanı kursantlar müxtəlif növ atıcı və iriçaplı silahlardan praktiki atışlar, bütün növ zirehli tank texnikalarından sürücülük və atış çalışmalarını yerinə yetiriblər. Nəticədə isə məzunların əksəriyyəti kursları əla qiymətlərlə başa vurublar.

Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev şəxsi heyəti təbrik edərək bildirib ki, muxtar respublikada Vətənə sədaqətli, peşəkar hərbçi kadrların hazırlanması məqsədilə müxtəlif hərbi ixtisaslar üzrə hazırlıq kursları təşkil olunur: “Bu kursları uğurla başa vuran gənclərimiz Əlahiddə Ümumqoşun Orduda, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında şərəfli xidmətləri ilə seçilirlər”.

Çıxışların ardından məzunlara rütbə, sertifikat və hədiyyələr təqdim edilib, nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

Xatirə lövhələrinə buraxılış emblemləri vurulduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş