Polkovnik: Düşmənin DSX-nin müdafiə infrastruktruna nüfuz etməsi fiziki cəhətdən mümkün deyil

Polkovnik: Düşmənin DSX-nin müdafiə infrastruktruna nüfuz etməsi fiziki cəhətdən mümkün deyil

Hərbi ekspert, Dövlət Sərhəd Xidmətinin (DSX) ehtiyatda olan zabiti, polkovnik Afəq Abiyev Azərbaycan-Ermənistan dövlət sərhədindəki təxribatlar və Azərbaycan-İran sərhədindəki vəziyyətlə bağlı “Azeri Defence”nin suallarını cavablandırıb.

–  Afəq müəllim, ötən ilin əvvəlindən düşmən tərəfi Qazax rayonu istiqamətində, dövlət sərhədində atəşkəsi pozmağa və təxribatlara davam edir. Sizcə bunun səbəbləri nədən qaynaqlanır? Qarşıdakı dövrlərdə təxribatlarının davam etmə ehtimallarını necə düşünürsünüz?

– Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları istiqamətində DSX Sərhəd Qoşunları tərəfindən mühafizəyə götürülməsi və orada bir il ərzində yaradılan hərbi infrastruktur şübhəsiz ki, düşməni razı sala bilməz. Düşmən tərəfinin diversiya-təxribat cəhdlərinin iki məqsədi var: Birincisi, Azərbaycan tərəfinin yaratığı güclü müdafiə infrastrukturuna nüfuz etdiyini öz ictimaiyyətinə inandırmaqdır. İkincisi isə Azərbaycan tərəfinə psixoloji təsiri artırmaq.

Onu deyə bilərəm ki, bu gün bizim qurduğumuz müdafiə infrastrukturuna düşmən tərəfinin nüfuz etməsi fiziki cəhətdən mümkün deyil. İndiyədək düşmənin etdiyi bütün cəhdlərin nəticəsiz qalması bunu deməyə əsas verir. Təbii ki, bu təxribatlar zamanı şəhid vermişik. Düşmən də hər cəhdində ağır itkilərə uğradılır.

Sərhədin müdafiəsi zabitindən əsgərinədək hər kəsdən sayıqlıq tələb edir. Qazax istiqamətində sərhəd mühafizəsi respublikamızın İran, Rusiya, Gürcüstanla olan sərhəd mühafizəsindən tam fərqlənir. Bu gün orada həm sərhədin mühafizəsi, həm də müdafiəsi təşkil olunur.

Ermənlər təxribat cəhdləri ilə qeyd olunan istiqamətdə mühəndis-istehkam fəaliyyətlərimizə mane olmağa çalışırlar.

– Dövlət sərhədində Qazaxa niyə həmişə erməni tərəfi prioritet istiqamət kimi baxır?

– Bunun əsas səbəblərindən biri ölkənin əsas kommunikasiyalarının – avtomobil magistralının, dəmir yolunun, əsas ixrac boru kəmərlərinin yaxın ərazidən keçməsidir. Babakər yüksəkliyi ilə “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinin arasındakı məsafə cəmi 2 kilometrdir. Eləcə də Ermənistanın da əsas kommunikasiyaları – Gürcüstan-Ermənistan qaz kəməri, qaz paylayıcı stansiya, Sadaxlo-Noyemberyan magistral yolu Azərbaycan üçün əsas hədəflərdəndir. Adını çəkdiyim bu kommunikasiyalar erməni tərəfi üçün çox əhəmiyyətli marşrut sayılır. Təxribatlarda şübhəsiz ki bu faktorlar da mühüm rol oynayır. Çünki qarşı tərəf 2019-cu ilin yayında qeyd olunan istiqamətdə itirdiyi mövqe üstünlüyü ilə barışmaq istəmir.

– İranda aşkar edilən koronavirusl bağlı digər qonşu ölkələr İranla sərhədlərini bağladı. Sizcə daha çox gediş gəlişin olduğu Azərbaycan-İran sərhədinin bağlanması hansı problemlər yarada bilər?

-İran bizimlə qonşu dövlətdi. Hər iki qonşu ölkəni tarixi dostluq, tanışlıq, qohumluq və tanışlıq əlaqələri bağlayır. Burada iqtisadi faktorlar da var. Astara, Biləsuvar, Naxçıvan sərhəd məntəqəsindən mütəmadi əlaqələr mövcuddur. Korona virus təhlükəsi varsa Dövlət Sərhəd Xidməti barədə qanunvericilik bizə imkan verir ki bu barədə hər cür tədbir görək. Bu gün sərhəd məntəqlərində zəruri tədbirlər görülür. Hələ ki İranla sərhəd bağlanmayıb. Belə bir qərarın olması da dövlət səviyyəsində, təhlükənin dərəcəsindən asılı olaraq qəbul edilir. Təəssüflər olsun ki, bununla bağlı bəzi təxribat xarakterli informasiyalar dövriyyəyə atılıb. Bu informasiyaların ölkə daxilində işbazlar tərəfindən bəzi məhsulların qiymətinin artırılması üçün dövriyyəyə atıldığını ehtimal etmək olar.

Nazim Hacıyev

KATEQORIYA:
Bu xəbəri paylaş