Polkovnik-leytenant Çingiz Əliyev: Müharibə təcrübəmizi ordumuzun zabit heyəti ilə bölüşməyə hazırıq

Polkovnik-leytenant Çingiz Əliyev: Müharibə təcrübəmizi ordumuzun zabit heyəti ilə bölüşməyə hazırıq

Hocaz yüksəkliyi azad ediləndə 100-dən çox erməni öldürüldü, qənimət kimi 3 tank, 4 PDM ələ keçirdik

Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli, ehtiyyatda olan polkovnik-leytinant Çingiz Əliyevi Azərbaycan Ordusunda çoxları tanıyır. 1992-1994-cü illərdə bölük komandiri, tabor komandiri, hərbi hissə komandirinin müavini, atəşkəsdən sonra hərbi hissə komandiri, Müdafiə Nazirliyinin Baş Əməliyyat idarəsində, eləcə də Heydər Əliyev adına Ali Hərbi Məktəbdə və Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda çalışmış Çingiz Əliyev Türkiyə Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib.

“AzeriDefence”ə müsahibəsində Çingiz Əliyev Əfqanıstan və Qarabağda iştirak etdiyi döyüşlərlə bağlı xatirələrini bölüşüb.

-Çingiz müəllim, zabit kimi hərbi xidmətə Sovet Ordusu sıralarında Əfqanıstanda başlamısınız. Müsahibəmizə də Əfqanıstanla başlamaq istərdik. Bu neçənci ildə oldu?

-Bakıda ümumqoşun komandirləri məktəbini bitirəndən sonra, 1985-ci ilin sentyabrında məni Daşkəndə Türkistan Hərbi Dairəsinin sərəncamına, göndərdilər. Əfqanıstana göndəriləcək zabitləri öncə Aşqabad yaxınlığındakı hərbi hissədə kursa göndərirdilər. Mən ali hərbi məktəbi “qırmızı diplom”la bitirmişdim. Daşkənddə olanda eşitdim ki, həmin kurs sadəcə vaxt itkisidir. Əvvəlki illərdən fərqli olaraq orada heç nə öyrətmirlər. Ona görə, komandanlığa müraciət edərək, birbaşa Əfqanıstana göndərilməyimi xahiş etdim. Komandanlıq əvvəlcə razı olmadı. Axırda bezib mənimlə razılaşdılar. O dövr üçün ilk oldu. Bakıdan kurs keçmədən Əfqanıstana birbaşa gedən yeganə zabit oldum. Sentyabrın 7-si Kabilə çatdım. Ordan məni Salanq vilayətinə göndərdilər. On bir ay Salanqda xidmət elədim. Mənim bölüyüm çəkilən tunelin və yolun təhlükəsizliyinə nəzarət edirdi. Orada patrul xidmətini həyata keçirirdik. Mütəmadi olaraq yola hücum edən əfqan silahlıları ilə toqquşmalarımız da baş verirdi. Bu 11 ayda Əfqanıstanla, yerli əhali ilə bağlı biliklərimi artırdım, təcrübə qazandım.

Bir dəfə Cəbəl-Saracda yerləşən alaya ərzaq apararkən yanımızdakı rus zabitin qumbara ilə səhlənkar davranmasından baş verən partlayış nəticəsində yaxınlıqdan keçən neft kəmərinə zərər dəydi. Yanğın oldu. Bir əsgərim də qəlpə yarası aldı. Bu səhvimizə görə məni ağır cəza gözləyirdi. Bəxtim gətirdi ki, məsələnin üstünə çox düşmədilər. Cəza olaraq Əfqanıstanın ən gərgin nöqtələrindən olan Pəncşir bölgəsinə göndərildim. Pəncşir ərazisində Sovet ordusu və Əhməd Şah Məsudun rəhbərlik etdiyi əfqan mücahidləri arasında qızğın döyüşlər gedirdi. Təxminən 1 il 7 ay da orda qaldım.

Pəncşirdə bir neçə dəfə uğurlu əməliyyatlar həyata keçirsək, əraziləri nəzarətə götürəsək də, Əfqanıstan hökumətinə məxsus qoşunların və təhlükəsizlik qüvvələrinin səhlənkarlığı ucbatından həmin ərazilər tez-tez əlimizdən çıxırdı. Ərazinin olduqca əlverişsiz relyefi, dağlıq olması işimizi xeyli çətinləşdirirdi. Burada tez-tez mücahidlərin hücumuna məruz qalırdıq. Lakin orada olduğum müddətdə yerli əhalinin psixologiyasını öyrənməyim müəyyən mənada işimə yaradı. Onu xüsusilə qeyd etmək istəyirəm ki, Əfqanıstan tarix boyu qoşunlarla işğal edilən ərazi olmayıb. Bu gün də elədir. Orada silah gücünə nəyəsə nail olmaq mümkün deyil. Yerli əhalini, adət-ənənəni öyrənməli, ona onların özləri kimi riayət etməlisən. Puştunların ayrı, hazaraların ayrı, taciklərin ayrı, hətta qonşu aulların özlərinin adət-ənənələri fərqlidir. Mən də məndən əvvəlki rus və digər millətlərdən olan komandirlərin səhvlərini təhlil edib fərqli yanaşmağa başladım.

Bir dəfə kəşfiyyatım məlumat gətirdi ki, bizim posta hücum edən mücahidlər Dirinqi deyilən kənddə gizləniblər. Səhər tezdən kəndi mühasirəyə aldıq. Əvvəlcə kəndin ağsaqqalları ilə görüşdüm. Məqsədimi başa saldım. Amma xəbərdarlıq etdim ki, hansı evdən əsgərlərə atəş açılsa həmin ev vurulacaq. Ağsaqqalların köməyi ilə 7 silahlını itkisiz zərərsizləşdirdik. İlk “Qırmızı Ulduz” ordenini onda aldım. İkinci “Qırmızı Ulduz”a isə Pəncşir döyüşlərində təltif olundum.

-Çingiz müəllim, Pəncşir əfqan mücahidlərinin məşhur komandiri, sonralar Əfqanıstanın müdafiə naziri olmuş Əhməd Şah Məsudun doğulduğu yerdir. Sovet Ordusuna qarşı Əfqanıstanda 10 il ən sərt müqavimətin göstərildiyi, əfsanələşmiş yerlərdəndir. Pəncşirlə bağlı xatirələriniz maraqlı olardı.

-Pəncşirdə vəziyyət digər regionlarla müqayisədə gerçəkdən ağır idi. Yerli əhali üzümüzə gülsə də bilirdik ki, mücahidlərlə daim təmasdadırlar və yardım edirlər. Ərazidəki mücahidlərə də qeyd etdiyiniz kimi Əhməd Şah Məsud başçılıq edirdi. Onun mücahid komandirlər arasında böyük nüfuzu və hörməti vardı. Pakistan və Amerika tərəfindən dəstəklənirdi.

Bir dəfə Anaba qəsəbəsi yaxınlığında adını unutduğum kəndi mühasirəyə almışdıq. Artilleriya atəşi başlamış, biz də yavaş-yavaş kəndə yaxınlaşırdıq. Birdən yaxınlıqdan keçən yolda bir “Niva” markalı maşınının sürətlə keçdiyini və aşdığını gördüm. Qapılar əzildiyindən açılmırdı. Maşında olan 2 qadın 2 uşaq və bir kişi yaralanmışdı. Əsgərlər onları vurmaq istəsələr də icazə vermədim. Kömək eləyib maşından çıxardıq. Su verdim və sonra dərəni kişiyə göstərib boş olduğunu və orayla təhlükəsiz şəkildə çıxıb gedə biləcəyini dedim. Bir neçə gün keçmişdi. Gördüm aulun iki ağsaqqalı məni çağırır. İki cavan oğlan da qabağında 50 qoyun. Bunun ənam olaraq mənə göndərdiklərini dedilər. Hədiyyəni göndərən ərazidəki mücahidləri koordinasiya edən, bizim də hər yerdə axtardığımız Əhməd Şah Məsudun qardaşı. Ağsaqqallara izah etdim ki, hədiyyə lazım deyil. Amma bu hadisəni də heç harada deməyin. Komandanlıq xəbər tutarsa məni cəzalandıracaq. Onlar da söz verib getdilər. Orada olduğum müddətdə mənim bölüyümə hücum olmadı. Sonradan fikirləşirdim ki, o da mənə borclu qalmaq istəməyib.

-Sovet-Əfqan müharibəsindən bəhs edən məşhur “Doqquzuncu rota” filmində bir səhnə var. Komandir gənc əsgərlərə Əfqanıstandan danışır. Bayaq sizin qeyd etdiklərinizi deyir: Əfqanıstan indiyə qədər işğal edilsə də, heç bir güc əlində saxlaya bilməyib.

-Tarixə baxsaq görərik ki, ətrafdakı bütün ərazilər, hətta Hindistan müstəmləkəyə çevrildiyi zamanlarda belə Əfqanıstanı nə ingilislər, nə Qacar dövləti, nə Rusiya müstəmləkəyə çevirə bilməyib. Hətta bizim əcdadımız olan Nadir şah və digər hökümdarlar da Əfqanstana yürüş edib. Müəyyən nailiyyətlər əldə etsələr də orada möhkəmlənə bilməyiblər. Bunun bir neçə səbəbi var.

Birincisi, Əfqanıstanın coğrafi quruluşu da olduqca mürəkkəbdir. Ərazisinin böyük hissəsi yüksək dağlıqdır.

İkincisi Əfqanıstan çoxmillətli dövlətdir. Bu xalqlar bəzən təkcə işğalçılarla deyil, elə öz aralarında da döyüşürdülər. Tayfalar arası, məzhəblər arası münaqişələr tez-tez baş verirdi. Hətta mən iki tayfanın bir-biri ilə silahlı münaqişəsinin şahidi olmuşam. Biri gəlib bizə deyir ki, sizinlə işimiz yoxdur. O aulla problemimiz var, qan düşüb aramızda. Həll etməliyik. Siz qarışmayın. Sovet Ordusuna qarşı döyüşən silahlılar arasında da konfliklər baş verirdi. Çox mürəkkəb hərbi vəziyyət mövcud idi. Kimin haqlı, kimin haqsız olduğunu müəyyən etmək olmurdu. Bəzən iki tayfa arasında atışmalar olanda bizim əsgərlər də müdaxilə edirdilər. Bu zaman hər iki tayfa silahı bizə çevirirdi. Buna görə də bizə tayfalar arası ədavətlərə qarışmamağı tapşırıdılar.

Sovet Ordusunda xidmət edən qeyri-ruslara – xüsusilə də müsəlmanlara yerli əhali arasında qismən mülayim yanaşma var idi. Ancaq döyüş vaxtdı heç kim buna fikir vermirdi. Onların gözündə hamı Sovet əsgəri idik.

-Əfqanıstan müharibəsinin ardınca Qarabağda müharibədə iştirak etdiniz. Sizcə Qarabağ müharibəsi ilə Əfqanıstan müharibəsinin bənzərliyi və fərqli xüsusiyyətləri nədir?

-Əslində bu iki müharibəni müqayisə etmək düzgün olmaz. Əfqanıstanda vətənin müdafiəsi, milli qeyrət hissi ilə döyüşmürdük. Sadəcə hərbi tapşırığı yerinə yetirirdik. Bu barədə rahat danışa bilirəm. Düzdür, Sovet Ordusu 10 il Əfqanıstanda olsa da verilən tapşırığı yerinə yetirə bilmədi. Amma Qarabağ müharibəsi haqqında danışmaq mənim üçün çox çətindir. 1992-ci ilin may ayından etibarən Qarabağda müharibəyə qatılmışam. Əvvəlcə məni 719-cu təminat taboruna komandir müavini təyin elədilər. Baxdım taborun formalaşmasına xeyli vaxt lazımdır. Bu mümkün olacaq-olmayacaq, suallar çoxdur. Dedim taqım komandiri kimi də olsa döyüşə gedirəm. Kapitan rütbəsində taqıma komandirliyi qəbul edib Kəlbəcərə getdim.

Azərbaycan Ordusunda xidmətə necə başlamışam. Maraqlı bir xatirəm var. Sovet Ordusu sıralarından Azərbaycan Ordusuna keçəndə rütbəm kapitan idi. Mən öz istəyimlə Ukraynadan Bakıya gəldim. Müdafiə nazirinin müavini Fəhmin Hacıyev və polkovnik Arif Salahovla görüşdüm. Onlar mənə təklif elədilər ki, taboru yığ get döyüşə. Mən buna etiraz elədim. Çünki bu asan iş deyildi və heç vaxt belə iş görməmişdim. əsgəri haradan yığım? Silahı, təminatı haradan alım? Bu kimi suallar açıq qalırdı. Təsadüfdən 701 saylı hərbi hissənin bölük komandiri, leytenant Nəriman Zeynalovla rastlaşdım. Hərbi hissənin Şıxovdakı qərargahına gəldim. Buradan da Nəriman Zeynalovun bölüyündə taqqım komandiri kimi Kəlbəcərə getdim. 1 ay 5 gün taqım komandiri oldum. Daha sonra Ağdərə uğrunda döyüşlərə qatıldıq və mən bu zaman rəhmətlik daxili işlər naziri İsgəndər Həmidovun əmri ilə həbsdən azad edilərək döyüşə göndərilən keçmiş məhbuslardan ibarət bölüyün komandiri təyin edildim. Birinci Ağdərə əməliyyatı zamanı Ağdərənin Çapar və İmarət Qərvənd kimi kəndlərini düşməndən geri aldıq. Daha sonra ermənilər əks-hücuma keçdi və bizim qüvvələr geri çəkildi.

-Keçmiş məhbusların döyüşlərdə iştirakı ilə bağlı ziddiyyətli fikirlər səslənir. Kimi onların döyüşdüklərini, kimisi də nizam-intizamsız olduqlarını, sadəcə gün keçirdiklərini deyir. Həqiqət necə olub?

-“Zek”lərin arasında ürəklə döyüşənlərin də çox olmasına baxmayaraq onların döyüş təcrübəsi yox idi. Bir neçə dəfə bizim gənc əsgərlərlə azad etdiyimiz yüksəkliklərə yerləşdirilən “zek”lər postu ataraq geri çəkilmişdilər. Bir az da özbaşınalıq var idi. Bir məsələni də deyim ki, həmin vaxt onlar 2 aylığa döyüşmək üçün göndərilmişdilər. Çünki artıq bütün hərkəs qələbəyə inanır, qələbənin elan edilməsi üçün günlər sayılırdı. Haqsız da deyildilər. Düşmənə qarşı xeyli uğurlu əməliyyatlar keçirilmişdi. Mən komandir olaraq onlara güvənirdim. Onlar da eyni qaydada mənə. Məni məhz “zek”lərin öz xahişləri ilə onlara komandir təyin etmişdilər. “Zek”lər Artunaqomer və Vaquasın azad edilməsində mərdliklə döyüşdülər. Onların əsas itkiləri də məhz həmin vaxt oldu. İtkilər də digər tərəfdən onların döyüşləri tərk etmələrində rol oynadı.

Hadisə belə oldu. Mənə Artunaqomerin alınması ilə bağlı əmr verildi. Biz irəliləyib açıq əraziyə çıxdıq. Burada ermənilər BMP-lərimizi qumbaraatanlarla güclü atəşə tutdular. Kumulyativ qumbara məndən axada oturan Mətləb adlı oğlanın sinəsində partladı. Mətləblə birlikdə 3 nəfər itkimiz oldu. Bu hadisə də onların gözünü qırdı.

Daha sonra meşə yolu ilə Artunaqomerə əks tərəfdən hücum edib erməniləri iki tərəfdən müasirəyə aldıq. Ermənilərin 20-25 metrliyinə qədər yaxınlaşmışdıq ki, ermənilər bizi gördülər. Mənim bir zabitim şəhid oldu. Orada postda olan 22 erməni döyüşçüsünü öldürdük. Qənimət kimi 17-18 avtomat, 2 pulemyot, 2 snayper tüfəngi və 3-4 qumbaraatan ələ keçirdik.

-Çingiz müəllim, bəziləri 701 saylı hərbi hissənin qüvvələrinin Vəng kəndinədək irəlilədiyini deyirlər. Bu doğrudurmu?

– 1992-ci ilin sentyabrında 703 saylı hərbi hissəyə Sırxavəndi, bizə isə Vəngi almaq tapşırılmışdı. Biz Qozlu istiqamətində hərəkətə keçdik. Həmin bölgədə xeyli şiddətli döyüşlər getdi. Düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv etdik. Bizdən 30-a yaxın əsgər şəhid oldu. Vəng istiqamətində indi nömrələrini unutduğum bir sıra adsız yüksəklikləri aldıq. Şəxsən Vəng istiqamətində özüm kəşfiyyat keçirmişəm. Artıq bizə müqavimət göstərəcək düşmən qüvvəsi qalmamışdı. Yerli əhali də kəndi tərk etmişdi. Əməliyyata başlamaq üçün briqada komandirinə məruzə edəndə rəhmətlik Zadir Rzayev mənə 701-in Ağdərədən çıxarılaraq Laçına göndərildiyini dedi. İrəliləyişi dayandırmağı, tutduğumuz mövqeləri 703 saylı briqadaya təhvil verib, Laçına gəlməyimi əmr etdi. Mən sentyabrın 11-də mövqelərimi 703-cü briqadanın qüvvələrinə təhvil verib, Kəlbəcərə, oradan da Laçına getdim.

– Bu zaman Laçının azad edilməsi əməliyyatları gedirdi.

– Bəli. 701 saylı hərbi hissənin qarşısına Laçının rayon mərkəzi də daxil olmaqla digər kəndlərini azad edib, Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinə çıxmaq və yolu bağlamaq tapşırığı qoyulmuşdu. Laçın dəhlizinə çıxmaqla 701 cəbhəni Qubadlı istiqamətindən hücum edən 706 saylı hərbi hissə ilə birləşdirməli idi. Hər iki briqada uğurlu döyüş əməliyyatları apararaq Laçın dəhlizinin bir neçə kilometrliyinə qədər irəliləsə də, bizə məlum olmayan səbəblərdən hücumu dayandırmaq və dəhlizi bağlamamaq əmri verildi. Bunun da acı sonunun nə olduğunu bilirsiniz.

– Siz həm də uğurlu Hocaz əməliyyatına rəhbərlik etmisiniz. Bu döyüş barədə xatirələrinizi dinləmək maraqlı olardı.

– Hocaz əməliyyatı ordumuzun uğurlu əməliyyatlarındandır. Bu əməliyyat zamanı 701 saylı hərbi hissənin bir neçə taboru, o cümlədən Laçın rayon polisi mənim əmrimə verilmişdi. Bütün qüvvələrimiz bu əməliyyatın uğurlu alınması, Laçının azad edilməsi uğrunda mərdliklə döyüşdülər. Bu ərazidə ermənilərin əsas möhkəmləndirilmiş mövqelərindən biri də Hocaz yüksəkliyindəydi.

Hocaz yüksəkliyinin tutulması kimi məsul tapşırıq da məhz 701 saylı hərbi hissənin üzərinə düşmüşdü. Elə ilk gündən briqada komandiri Zadir Rzayevin əmri ilə əməliyyata bir neçə tabor cəlb edilsə də düşmənin mövqe üstünlüyü məqsədə yetməyə imkan vermirdi. 710, 711 və 713 saylı taborların ayrılıqda Hocaz yüksəkliyini düşməndən geri almaq cəhdləri nəticə verməmişdi. Bu döyüşlərdə 20-dək döyüşçü həlak olmuş, bir o qədər də yaralanmışdı. Oktyabrın əvvəlinədə əməliyyata rəhbərlik briqada komandirinin əmri ilə mənə həvalə olundu. Əməliyyata 701-in bir neçə taboru, o cümlədən digər hərbi hissələrin Laçına ezam olunmuş bölmələri və Laçın polisinin bir bölüyü cəlb edildi.

Laçın polislərinin qərargahı Sonasar kəndində yerləşirdi. Bu kənd Hocaz yüksəkliyinə yaxın idi.

Laçın polisinin bölük komandiri Oqtay Güləliyevlə növbəti əməliyyatın müzakirəsi zamanı Elşən adlı taqım komandiri bildirdi ki, Hocazın arxasındakı yüksəklikdə ermənilərin postu yoxdur. Ermənilər yalnız Soyuqbulaqdan Hocaza və Daş karxanalarına gedən yolun üzərində post qurublar. Bundan sonra mən həmin yüksəkliyə qalxdım və polislərin dediyinə tam əmin oldum. Həmin yüksəkliyə Laçın polisləri göndərildi.

Oktyabrın 1-də briqada komandirinə vəziyyəti məruzə edərək qüvvələrin əməliyata tam hazır olduğunu bildirdim. Planlaşdırılan kimi – oktyabrın 2-də günorta piyadalar artileriyanın atəş dəstəyi altında hücum başladı. Günorta saat 3 idi. Oktyabrın əvvəli olmasına baxmayaraq havalar isti keçirdi. Ermənilər əsas postlarında azacıq qüvvə saxlayaraq istirahətə çəkilmişdilər. Onlar relyef üstünlüyünə malik olduqlarından arxayın idilər. İkinci tərəfdən, günün günorta çağı açıq hücuma keçəcəyimizi gözləmirdilər. Artilleriya ilə rabitəyə çıxdım. “Şakal” çağırışından heç bir dəqiqə keçməmiş top və minaatanlarımız verilən koordinatlara işlədilər. İlk mərmi ermənilərin yüksəkliyi kəsib keçən yolun kənarındakı sursat anbarına düşmüşdü. Partlayan sursat vaqonu yüksəkliyi tərk etmək üçün əvvəlcədən ermənilərə saxladığımız yolu da kəsmişdi. Mən bunu döyüşü idarə etdiyim yüksəklikdən aydın görürdüm. Ermənilər yaralı yoldaşlarını atıb, can qurtarmaq üçün yaxınlıqdakı dərəyə doğru qaçmağa başladılar. Tabor komandirləri ilə müşavirədə Qaraqışlaq kəndi istiqamətində yerləşən, kollu-koslu dərəni bağlamağa ehtiyac görməmişdikr. Dərə bağlanarsa döyüşdə mütləq itki olacaqdı. Dərənin mövqeyi burada itkisiz döyüş aparmağa imkan vermirdi.

Artilleriya atəşindən istifadə edən Laçın polisi a Hocazdan teleqülləyə doğru gedən yolu bağladı.

Artileriyanın qəfil atəşi necə çaş-baş salmışdısa, ermənilər bizə yalnız bir istiqamətdə müqavimət göstərə bildilər. Bir saata yaxın davam edən atışmadan sonra onlar da postu atıb sağ qalmaq üçün özlərini dərəyə saldılar. Yüksəklikdəki tanklardan biri atəş açaraq teleqülləyə doğru geri çəkilsə də aradan çıxa bilmədi. Yolun hər iki tərəfində pusqu qurmuş Laçın polisləri həmin tankı vurdular.

Axşama yaxın, taborlarımıza dayanmaq və tutduqları mövqeləri möhkəmləndirməyi tapşırdım. Gecə gözlənilsə də ermənilər tərəfindən Hocaza əks-hücum olmdaı. Səhər açılanda məlum oldu ki, ermənilər bütün gecəni yalnız yaralıları və meyidləri döyüş meydanından çıxarmaqla keçiriblər. Amma yüksəklikdəki 16 nəfərin meyitini götürməyə macal tapmamışdılar.

Hocaz yüksəkliyinin azad edilməsi əməliyyatına 701 saylı hərbi hissənin 710, 711 və 713 saylı taborlarının hərəsindən bir bölük, 714 saylı tabordan iki bölük və Laçın polisindən 60 nəfər olmaqla ümumilikdə 400 nəfər şəxsi heyət cəlb edilmişdi. Əməliyyat ərəfəsində düşmənin Hocaz yüksəkliyində 200 nəfərdən artıq canlı qüvvəsi, 3 tankı və 4 PDM-i var idi. Yüksəklik azad ediləndə düşməndən qənimət kimi 3 tank, 4 PDM, 2 ədəd 120 millimetrlik minaatan, 4 ədəd ZU-23-2 zenit qurğusu və çoxlu sayda atıcı silah ələ keçirildi. Döyüşdə ermənilərin canlı qüvvə itkisinin 100-dən çox olduğunu deyə bilərəm.

Hocaz yüksəkliyi düşməndən azad ediləndən sonra, oktyabrın 3-4-də Qorxmaz Qarayevin rəhbərliyi altında 711 saylı tabor hücumu davam etdirərək Susa-Qızılca kəndlərinə qədər irəlilədi. Teleqüllənin yaxınlığındakı düşmən postu məhv edildi.

-Ermənilərin əks hücumları oldumu?

-İtirilən mövqelərini bərpa etmək məqsədi ilə ermənilər oktyabrın 9-da yenidən qruplaşaraq əks-həmlələrə başladılar. Öncə əsas zərbə 711 saylı taborun mövqelərinin üzərinə yönəldildi. Əsasən çağırışçılardan ibarət olan tabor gecə düzgün mövqe seçə bilmədiyindən itki verərək geri çəkilməyə məcbur odlu. Bundan sonra, günorta saatlarında düşmənin 714 saylı taborun üzərinə həmləsi başladı. Ermənilər canlı qüvvə, 7 tank və 4 PDM-in atəş dəstəyi ilə irəliləyərək Hocaz yüksəkliyinin 1 kilometrinə çatdıqda tanklardan üçü meşədə mövqe tutdu. Digər 4 tank və BMP-lər isə irəliləməyə başladılar. Bu zaman onların BMP-2-lərindən biri gözlənilmədən sürətini artıraraq ilk postumuzu keçdi. Əsgərlər mənim əmrini gözləmədən hər yandan BMP-yə atəşə açmağa başladılar. Atəşdən yayınmaq üçün dönüb geri qayıtmaq istəyən BMP-2 tır-tırdan çıxaraq dayandı. Az keçməmiş maşının içindən partlayış səsi eşidildi. Maşının komandiri və onun köməkçisi əsir düşməmək üçün özlərini qumbara ilə partlatmışdılar. Hocazın ətəyindəki birinci postumuza yaxınlaşan tanklardan birini “Şturmes”lə vurduq. İkinci tank isə geri çəkilmək üçün dönmək isəyəndə uçuruma yuvarlandı. Bir hissəsi hündür qaya parçasının üzərinə qalxmış üçüncü tank isə nə irəli gedə, nə də geri çəkilə bilmirdi. Bu tankın ekipajı axşamadək gözləyib, qaranlıqda tankın alt lyukundan çıxaraq qaçdılar. Ermənilər tankı elə işlək vəziyyətdə qoyaraq tərk etmişdilər. tank taborumuzun komandiri Xəyyam Həsənov həmin tankı götürdü. Ermənilər həmin döyüşdə ağır texnikadan savayı 40 nəfərədək canlı qüvvə itirmişdilər. Döyüşün sonunda təsadüf nəticəsində baş verən mərmidən 6 əsgərimiz şəhid oldu.

Oktyabrın 13-ü səhər tezdən tankçılarımızın dayandığı mövqenin Ermənistan ərazisindən minaatanlarla atəşə tutulması nəticəsində bir tankçımız şəhid oldu, biri isə yaralandı. Bundan sonra tank taborunun komandiri Xəyyam Həsənov Ermənistanın Dığ kəndini atəşə tutdu və beləcə vəziyyəti nəzarət altına götürdük.

Ermənilərin mövqelərimizə növbəti hücumu oktyabrın 17-18-də başladı. Ermənistandan havaya qalxmış 2 qırıcı təyyarə və 4 helikopter mövqelərimizə atəş açdıqdan sonra 200-dək əsgər, 8 tank və 2 PDM-in atəş dəstəyi ilə hücuma keçdilər. Dağlıq ərazidə əvvəlcədən əlverişli mövqe seçildiyindən ermənilərin hava zərbələrindən zərər çəkən olmadı. Xəyyam Həsənov ermənilərin tanklarından birini vursa da ermənilər də onun tankını vurdular. Ekipaj yüngül xəsarətlə xilas oldu. Daha yaxına gəlmiş düşmənin ikinci tankını isə əsgərlərimizdən biri qumbaratanla vura bildi. Bu dəfə də hücumun bir nəticə vermədiyini görən düşmən 2 tankını və 15 nəfər canlı qüvvəsini itirərək geri çəkilmək məcburiyyətində qaldı. Bundan sonra 1992-ci ilin dekabr ayının 3-dək Laçın istiqamətində ermənilər tərəfindən ciddi hücum baş vermədi. Dekabrın 4-də məlum oldu ki, gecə düşmən kəşfiyyatı Pir yüksəkliyindəki postumuzu ələ keçirərək postdakı əsgərlərimizi öldürüblər. Elə həmin gün Laçın polisi, 714 və 710 saylı taborun bölüklərinin həyata keçirdiyi əməliyyat nəticəsində Pir yüksəkliyi azad edildi. Müasirəyə düşməməkçün meşəyə çəkilən 60-dək düşmən əsgəri burada qurulmuş pusquya salınaraq tamamilə məhv edildi. Həmin əməliyyatda cəmi 701 saylı hərbi hissədən və Laçın polisindən bir yerdə 4 nəfər həlak oldu. Səngərdə öldürülmüş ermənilərin üzərindən götürülən videokamera və kasetdə onların Pir yüksəkliyini necə ələ keçirməsi, əsgərlərimizi qətlə yetirmələri çəkilmişdi. Həmin kaset və videokamera Laçın polisinin rəisi Akif Səlimovda idi. O, Pir yüksəkliyinin azad edilməsi əməliyyatı barədə daha çox danışa bilər.

-Siz sonralar Füzuli və Ağdamda gedən döyüşlərdə də iştirak etmisiniz. Bu döyüşlərlə bağlı nə danışa bilərsiniz?

-Mən Elxan Orucov tərəfindən hazırlanan Murovdağ əməliyyatı planına etiraz elədiyim, eləcə də hərbi hissə komandiri Valeh Rəfiyevlə aramızda yaranan problemə görə, 706 saylı hərbi hissəyə göndərildim. Qubadlı rayonu işğal olunmuş, briqada demək olar ki dağılmışdı. Belə bir vəziyyətdə Nizami poliqonunda hərbi hissəni yenidən formalaşdırdıq. 1994-cü ilin ilk günlərində bizi vəziyyətin gərgin olduğu Ağdam rayonuna göndərdilər. düşmənin hücumlarının qarşısını aldıq. Salahlı-Kəngərli tərəfdən kanalının arxa tərəfinə qədər erməniləri geri çəkilməyə məcbur etdik. Biz orda 1 aydan biraz çox qaldıq. Ən gərgin döyüşlər Ağdam tərəfdə gedirdi. Hərbi hissəmiz Ağdam döyüşlərində 90-a yaxın şəhid verdi, 300 dən çox da yaralımız oldu. Sonra bizi Füzuliyə göndərdilər. Biz Füzuliyə çatanda rayonun 12 yaşayış məntəqəsi azad edilmişdi. Biz də sol cinahda döyüşlərdə iştirak etdik.

-Çingiz müəllim, siz atəşkəsdən sonra da uzun müddət orduda mühüm vəzifələrdə xidmət etmisiniz. Bu gün də prosesləri izləyirsiniz. Müharibə iştirakçısı bir komandir kimi fikriniz maraqlıdır: Növbəti müharibədə bizi nə gözləyir?

-Müharibədə qələbə əldə etmək üçün əvvəla ruh yüksəkliyi lazımdı. Növbəti müharibədə ilk növbədə bunu yaratmaq lazımdır. İnsanlar bilməlidirlər ki, bütün ölkə döyüşür. Gənclər qələbəyə inanmalıdır. Napaleondan soruşublar ki, müharibədə qələbə qazanmaq üçün nə lazımdır? O, cavab verib: “ruh yüksəkliyi”. Motivasiya, inam çox vacibdir. Bu işlər kompleks şəkildə həyata keçirilməlidir.

İkincisi, birinci Qarabağ müharibəsində ayrı-ayrı ərazilərdə baş vermiş uğurlu və uğursuz əməliyyatları öyrənmək, təhlil etmək lazımdır. Biz komandirlər orada yaşadığımız döyüşləri, ərazi barədə məlumatları, keçirdiyimiz əməliyyatlarla bağlı analizlərimizi gənc zabitlərlə, əraziyə məsul birlik komandirləri ilə bölüşməyə hazırıq. Artıq biz bir dəfə orada olmuşuq. Döyüş aparmışıq. Nəyi necə edə bilərik bilirik. Təəssüflər olsun ki, bu günədək bizim təcrübəmizdən istifadə etmək fikrinə düşməyib, çağırıb dediyim mövzuda hansısa formada maraqlanmayıb. Təşəbbüslərimizi də geri çeviriblər. Kim deyə bilər ki, sabah ordumuz Laçına hücum edəndə yenə Hocazda eyni döyüş baş verməyəcək? Bizim ordumuz qələbə üçün döyüşəcək. Lakin Pir qələbəsi istəmirəm.

Üçüncüsü, biz düşməni zəif saymamalıyıq. Düşmən də hazırlaşır. Mövqelərini möhkəmlədir, yeni silah və texnikalar alır, hər halda özünün səhvlərini də analiz edir, öyrənir. Dünya tarixində özündən razı olan orduların üzləşdiyi problemlərlə bağlı yüzlərlə faktlar mövcuddur. Düşmənin güclü və zəif tərəflərini dəqiqliklə öyrənməliyik.

2016-cı ilin aprel döyüşlərindən sonra aralarında bir qrup müharibə veteranı, ehtiyatda olan zabit yoldaşlarımızla birlikdə cəbhə bölgəsində, ön xətdə olduq. Mən çox təsirləndim. Çox istəyirəm ki, müharibə başlasın. Bitirə bilmədiyimiz müharibəyə nöqtə qoyaq. Bu gün mən 400-dən çox şəhidimin ruhu qarşısında sıxılıram. Onlar bir komandir kimi mənim əmrimlə döyüşə atılıb və şəhid olublar. Onların ruhu, onların qanı axan torpaqlarımızı azad etdiyimiz vaxt rahatlıq tapacaq.

Nazim Hacıyev

KATEQORIYA:
Bu xəbəri paylaş