Polkovnik Ramiz Məmmədov general-leytenant Valeh Bərşadlı barədə yazdı

Polkovnik Ramiz Məmmədov general-leytenant Valeh Bərşadlı barədə yazdı

Bu gün Azərbaycan Respublikasının birinci müdafiə naziri, general-leytenant Valeh Bərşadlının (6.07.1927-15.05.1999) doğum günüdür. Qubadlı rayonunda doğulmuş Valeh Əyyub oğlu Bərşadlı 14 yaşında könüllü hərbi xidmətə gedib, 18 yaşında iki hərbi təhsil ocağını (Bakı Zenit Artileriyası Məktəbi və Qırmızı Bayraqlı Kiyev Özüyeriyən Artileriyası Məktəbi) bitirib. Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 1991-ci il tarixli 334 saylı fərmanı ilə V. Bərşadlı müstəqil Azərbaycanın ilk müdafiə naziri təyin edilib.

Azərbaycan Silahlı Qüvvələrinin zirehli tank texnikası xidmətinin yaradıcılarından olan, ehtiyatda olan polkovnik Ramiz Məmmədov “Azeri Defence” saytının oxucularına general-leytenant Valeh Bərşadlının Azərbaycan Ordusunun yaradılmasında iştirakı ilə bağlı xatirələrini paylaşıb.

Polkovnik Ramiz Məmmədovun xatirələrini olduğu kimi təqdim edirik:

1991-ci ildə SSRİ-nin süqütu və Qarabağda erməni təcavüzkarları ilə lokal döyüşlər aparılıdığı zamanda Azərbaycan müstəqilliyini yenidən elan etdi.

Lokal döyüşlərin aparıldığı Qarabağ bölgəsində Azərbaycan Respublikasının heç bir silah və texnikası mövcud deyildi. Baxmayaraq ki, sovet dövründə Azərbaycan Respublikasının ərazisi Zaqafqaziya Hərbi Dairəsinin cavabdehlik sərhədləri daxilində idi. Ərazidə 4-cü Ordunun 4 diviziyası, əlahiddə 104 saylı hava-desant diviziyası, həmçinin 19-cu əlahiddə hava hücumundan müdafiə ordusunun hissələri, xüsusilə 97-ci Lvov Qırmızı Bayraqlı Hava Hücumundan Müdafiə Diviziyası yerləşsə də bu hərbi hissələrin silah və texnikalarından Azərbaycan ərazisində erməni işgalçılarına qarşı istifadə olunmasının mümkünlüyü mövcud deyildi.

Lakin bölgələrdə ərazimizlərin müdafiəsi ücün özünümüdafiə taborları yaradılırdı. Özünümüdafiə taborlarını silah və texnikalarla təchiz etmək məqsədi ilə Dövlət Komissiyası yaradılmışdı.

Yadımdadır ki, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından öncə yaradılan dövlət komissiyasının sədri mərhum general-mayor Məhəmməd Əsədovun və Komissiyanın üzvü olan general-leytenant Valeh Bərşadlının təklifi ilə ixtisas mütəxəssisi qismində işçi qrupuna mən də daxil edildim.

General-leytenant Valeh Bərşadlı bölgələrdə erməni təcavüzkarlarına qarşı özünümüdafiə taborlarının yaranması ilə əlaqədər ön xətdə mobilliyı və silahlanmanı, onların döyüşə hazırlıq səviyyəsinin yüksəldilməsini diqqət mərkəzində saxlayırdı. Bununla yanaşı, Valeh Bərşadlı Ali Sovetin deputatı olduğu üçün plenar iclaslarda cıxış edir, özünümüdafiə taborlarının silah və texnikalarla təciz etmək üçün dövlətin köməyini istəyirdi .

1991-ci ildə ildə Nazirlər Şurasının müvafiq qərarı və general-leytenant Valeh Bərşadlının rəhbərliyi ilə özünümüdafiə taborlarının silah və texnikalarla təchiz olunması istiqamətləri müəyyən edilərək, vaxtı ilə orta məktəblərdən yığılan və Daxili İşlər Nazirliyini anbarlarında saxlanılan, kiçik çaplı təlim silahlarını müvafiq maşınqayırma zavodunda döyüş vəziyətinə gətirilməsi, özünümüdafıə taborlarının dayaq məntəqələrində, bölüklərin yerlərinin dəyişdirilməsi, yaralıların daşınması, maddi-texniki təchizat zamanı təhlükəsizliyin təmin edilməsi, mobilliyin yüksəldilməsi ilə əlaqədar neft mədənlərində istifadə olunan 56 ədəd QTS tipli, tırtırlı özüyeriyən maşınların zavodların birində  zirehləndirilməsi və digər təkmilləşdirilmə işləri aparıldı. Bundan başqa, postamentlərdə, Cəmşid Naxçıvanski adına xüsusi orta təmayüllü internat məktəbin ərazisində 1ədəd T-54, iki ədəd zirehli nəqliyyat vasitəsi, vaxtı ilə sovet qoşunları tərəfindən Puta qəsəbəsi ərazisində yerləşən maşınqayırma zavodununa metal qismində verilmiş 3 ədəd T-54 tankları götürülərək bərpa və təmir edildi.

Təmir bərpa işlərində hərbi sənayə kompleksinə daxil olan müəssiələrin, Bayıl qəsəbəsində yerləşən “21-ci qurultay adına gəmiqayırma zavodu”nun mühəndis-texniki personalı və Texniki Universitetin hərbi kafedrasının maddi bazasından istifadə olunurdu.

General-leytenant Valeh Bərşadlının rəhbərliyi ilə özünümüdafıə taborlarının gənc əsgərləri ilə ilk növbədə Cəmşid Naxçıvanski adına hərbi internat məktəbində hazırlanmış, həmin əsgərlər Qubadlı rayonunda Milli Qəhrəman Əliyar Əliyevin taboruna göndərilmişdi. Həmin gənc əsgərlərdən ibarət taqımın komandiri leytenant (hazırda polkovnik) Sadiq Paşayev idi. Mərhələli plan əsasında Laçın özünümüdafıə taborlarının gənc əsgərləri hazırlandı

General-leytenant Valeh Bərşadlının əmri əsasında C. Naxçıvanski adına hərbi internat məktəbində qənc əsqərlərin hazırlıq məşğələlərinə məktəbin bütün hərbi hazırlıq üzrə komandir və müəllim heyyəti cəlb olunmuşdu.

1991-ci il sentyabr ayının 5-də Valeh Bərşadlı Müdafiə Naziri təyin olunduqdan sonra Müdafiə Nazirliyinin təşkilatlanması və komplektləşdirilməsi təşkil olundu.

Müdafiə Nazirliyinin yaranması və təşkilatlanmasına digər mütəxəsislərlə yanaşı mən də 1991-ci il sentyabr ayının 15-də dəvət almışdım. Müdafiə Naziri mənə könülülük prinsiplərinə əsaslanaraq, ilk əlahiddə tank taborunun yaradılması barədə müvafiq tapşırıqlar verdi.

Müdafiə Naziri general-leytenant Valeh Bərşadlının əmri əsasında, 1991-ci il sentyabr ayının 15-də tankçı ixtisası üzrə vətənpərvər vətəndaşların könüllü olaraq Milli Orduda xidmət keçməyə cəlb edilməsi barədə Respublika Hərbi Komissarlığına göstərişlər verildi.

Əlahiddə Tank Taborunun yaradılması dünyada ilk tankların yaradılması   gününə təsadüf etmişdi.

Müdafiə Naziri general-leytenant Valeh Bərşadlının əmri əsasında Əlahiddə Tank Taboru 18111 nömrəsi ilə təsis olunmuşdu. Valeh Bərşadlı Əlahiddə Tank Taborunun önündə duran vəzifə və tapşırıqlarını yerinə yetirəcəyinə inanırdı və taborun üzərinə böyük məsuliyyət qoymuşdu.

Azərbaycan Respublikasının Milli Özünümüdafiə Qüvvələrinin əsasnaməsi və Azərbaycan Respublikasının Əmək Məcələsinə əsaslanaraq, özünümüdafiə qüvvələrində xidmətkeçməni tənzimləyən iki tərəfli müqavilə hazırlanmışdı. Belə ki Əlahiddə Tank Taborunun yaradılması ilə əlaqədar ştat, vəzifə stuktur cədvəli tərtib edildi. Tabor üçün Buzovna qəsəbəsində yerləşən maşınqayırma zavodunda təkmilləşdirilmiş zirehli tırtırlı maşınların sınaqlarının aparılması, cəbhə bölgəsində yaradılan özünümüdafiə taborlarının gənc əsgərləri üçün iki həftəlik sürətli təlim kursları təşkil edərək, mütəxəsislərin hazırlanması, Abşeron rayonunun Güzdək qəsəbəsində yerləşən sovet qoşunlarının tank alayından, mərhələlərlə  tankların qəbulunun təmin edilməsi  konsepsiyası hazırlanmışdı.

Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanuna əsasən, Müdafiə Naziri Valeh Bərşadlının 6 oktyabr 1991-ci il tarixində imzaladığı əmrə əsasən, Azərbaycan SSR-nin Hərbi Komissarlığı tərəfindən avqust ayında hazırlanmış siyahılar üzrə səfərbərliyə başlandı.

Yeni yaranmış tank taboru 1991-ci il oktyabr ayının 20-dən ilkin hərbi geyim və ləvazimatları, AK-74 avtomatı, əl qumbaraları, 1 ədəd QAZ-66 markalı avtomobil və sair əmlaklarla tədricən komplektləşdirildi.

General Valeh Bərşadlının əmri əsasında Əlahiddə Tank Taborunun şəxsi heyyəti nəzəri biliklərinin möhkəmləndirilməsi məqsədi ilə, rotasiya qaydasında döyüş bölgələrində iki həftəlik təcrübə keçmək üçün Goranboy və Ağdama ezam olunurdu.

Müdafiə Nazirinin növbəti əmri əsasında, 1991-ci il 15 noyabr tarixindən Keşlə qəsəbəsinin ərazisində yerləşən, SSR-i Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin ərazisi qəbul edilərək həmin ərazidə komplektləşmə davam etmişdi.

Əfsus ki, 1991-ci ildə respublikamızda yaranmış gərgin siyasi vəziyyətdən Müdafiə Nazirliyi də zərbələr aldı. 1991-ci ilin noyabr ayında güclənən mitinq dalğası ictimai həyatın bütün sahələrini əhatə edirdi. O cümlədən ilk qədəmlərini atan Müdafiə Nazirliyinin rəhbərliyinin ünvanına da yerli-yersiz tənqidi fikirlər söylənir, siyasi məqsədli qarayaxma cəhdləri göstərilirdi. Nəhayət, bir neçə mitinqdən sonra Azərbaycan Xalq Cəbhəsinin liderlərindən olan İsgəndər Həmidov, Rəhim Qazıyev və Fəhmin Hacıyev Müdafiə Nazirliyinin fəaliyyətinə qarşı öz etiraz səslərini daha da ucaldaraq Müdafiə Nazirinin istefa tələbini irəli sürür, Valeh Bərşadlının Müdafiə Nazirliyinin qərargahındakı iş yerinə daxil olmasına maneələr törədirdilər. Hay-küylü piketlər və əsassız bəhanələr Müdafiə Nazirliyinə qarşı yönəldildi. Son nəticədə general-leytenant Valeh Bərşadlı istefa verdi və 11 dekabr 1991-ci il tarixində polkovnik (general-mayor) Tacəddin Mehdiyev Müdafiə Naziri təyin edildi. Müdafiə naziri Tacəddin Mehdiyev aksiyaçıların təsiri altında polkovnik Ramiz Məlikovu (Duyğunu) tərbiyyəvi işlər üzrə nazir müavini vəzifəsindən azad etdi və onun yerinə 3 yanvar 1992-ci il tarixli əmrlə ehtiyatda olan çavuş Fəhmin Hacıyev gətirildi. O isə, hərbi xidmətinin ikinci günündə taborda tank taqım komandiri olmuş, siyasi baxışlarına görə tabordan kənarlaşdırılan və iki tərəfli müqaviləyə xitam verilmiş sürücü mexanik səviyəsində 6 aylıq təlim məktəbində əsgər səviyəsində təlim almış, orta ixtisaslı Hacıbala Əzimov adlı şəxsi tabora komandir təyin etdi.

Müdafiə Nazirliyini artıq siyası qurumlar idarə edir, nazirin tapşırıq və əmrlərinə əməl edən yox idi.

1992-ci il mart ayının 17-də Rəhim Qazıyev Müdafiə Naziri təyin edildikdən sonra ordumuza elə bir ölümcül zərbə vuruldu ki, xeyli müddət onun ağrısını çəkdik

Şuşa işğal edildikdən sonra çıxılmaz vəziyyətdə qalan Rəhim Qazıyevin əmri əsasında general-leytenant Valeh Bərşadlı Baş Qərargah rəisi vəzifəsinə gətirildi. Bundan sonra, Valeh Bərşadlının planlaşdırdığı müəyyən istiqamətlərdə döyüş əməliyyatlarının müsbət nəticələri oldu.

Lakin general Bərşadlı ordu quruculuğundakı nöqsan və çatışmazlıqlarla barışmayaraq, 1992-ci ilin iyul ayında istefa verdi.

Sonralar general-leytenant Valeh Bərşadlı müsahibəsində istefasının səbəblərinə aydınlıq gətirərək deyirdi: “…Orduda xainlik başlamışdı. Qırıcı təyyarələrimiz öz yaşayış məntəqələrimizə bomba salırdı, bəzi əsgərlər silahı oğurlayıb satmağa cəhd edirdilər, ordu daxilində müxtəlif partiyaların adamları ayrı-ayrı məqsədlər güdürdülər. Rəhim Qazıev ehtiyatda olan texnikaları istədiyi kimi paylayırdı…”

Azərbaycan Silahlı Qüvvələri general-leytenant Valeh Bərşadlının timsalında bir savadlı, bacarıqlı kadrı orduya yad olan, populistlərin və siyasətçilərin güdazına getdi.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş