Polkovnik Xətai Baxışov: “Vətəninə, dövlətinə xəyanət edən şəxsə Azərbaycanda yer olmamalıdır”

İntizamsızlığına görə silahlı qüvvələrdən xaric edilmiş müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu Elnur Hüseynzadənin əvvəlcədən planlaşdıraraq düşmən tərəfə keçib təslim olması utancverici haldır.

Bu barədə “AzeriDefence”yə hərbi ekspert, ehtiyatda olan polkovnik Xətai Baxışov bildirib.

Ekspert bildirib ki, bu cür hadisə ictimaiyyətimizdə birmənalı şəkildə təhqir olaraq qarşılanır və bu, vətəndaşın dövlətinə, millətinə, qəbul etdiyi hərbi anda qarşı xəyanətdir.

“Bu gün bizim bir düşmənimiz var. O da Azərbaycanın torpaqlarının 20 faizini işğal etmiş, minlərlə günahsız, əliyalın insanımızı, körpələri, qadınları qətlə yetirmiş Ermənistandır. Erməni tərəfinə könüllü keçib təslim olmaq, hələ bu azmış kimi kamera qarşısına keçərək bundan məmnun şəkildə pozalar verməsi Elnur Hüseynzadənin faktiki olaraq buradakı əməlləri barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamaların da nə dərəcədə doğru olduğunu göstərir”, – deyə ekspert vurğulayıb.

Polkovnik Baxışov hesab edir ki, vətəninə, dövlətinə, millətinə qarşı belə bir xəyanəti edən şəxsə Azərbaycanda yer olmamalıdır: “Yaxşı olardı ki, bu şəxs adını və soyadını dəyişib, bundan sonra erməni ad soyadı ilə elə Ermənistanda yaşasın. İndi Elnurla erməni Vazgenin, və ya Aşotun bizim üçün heç bir fərqi yoxdur. O, bu addımı ilə nəinki özünə, hətta bütün nəslinə, yaxınlarına ləkə gətirdi”.

Hərbi ekspert onu da qeyd edib ki, belə xəyanətkarlar hər zaman, hər bir dövlətdə olub və sonunda öz cəzalarını alıblar. Ermənilər bunu az qala görünməmiş hadisə kimi təqdim edirlər. Hansı ki, son 10 ilə baxsaq bir neçə erməni əsgərinin öz xidmət yerini tərk edib, Azərbaycan Ordusuna təslim olmasını onlara xatırlatmaq lazımdır.

X.Baxışov onu da vurğulayıb ki, Elnur Hüseynzadənin bu əməli ordunun bütün MAXE-lərinin, gizir və əsgərlərinin adına yazılmamalıdır: “Azərbaycan Ordusunda sona qədər döyüşüb, düşmənə əsir düşməmək üçün son gülləsini özünə vuran, özünü və düşməni qumbara ilə partladan onlarla vətənpərvər əsgər və zabitlərimiz olub. 1992-ci ildə Xramord kəndində sonadək döyüşüb, əsir düşəndə belə Azərbaycan bayrağını düşmənə təslim etməyən Natiq Qasımov, özünü və düşmənləri qumbara ilə partladan Tahir Həsənov, diri-diri yandırılsa da düşmənə sirr verməyən Səfiyar Behbudov, 1997-ci ilin ayında düşmən cəbhəsinin arxasında əməliyyat zamanı sona qədər döyüşüb, sonda ələ keçməmək üçün özlərini partladan, mənim 7 kəşfiyyatçım, şəhid Milli Qəhrəmanımız Mübariz İbrahimov, aprel döyüşlərində sona qədər savaşıb son qumbarası ilə özünü partladan xüsusi təyinatlılarımız olub. Bu əsgər və zabitlər şərəfli ölümləri ilə tarix yazdılar, həm də göstərdikləri şücaət dövlət rəhbərliyi tərəfindən ali mükafatlarla qiymətləndirildi. İllər sonra da həmin döyüşçülər qəhrəman kimi xatırlanacaqlar”.

 

KATEQORIYA:
Bu xəbəri paylaş