Prezident ABŞ-ın nəqliyyat komandanını qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın nəqliyyat komandanı, general Darren MakDyunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“AzeriDefence”nin prezidentin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, dövlət başçısı ABŞ-ın nəqliyyat komandanı, general Darren MakDyunun Azərbaycana səfərinin ölkələr arasında müdafiə sahəsində, xüsusilə nəqliyyat komandanlığı ilə yaxşı tarixə malik əməkdaşlığın möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Prezident ABŞ-ın nəqliyyat komandanlığı ilə sıx təmasların və əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edib, general Darren MakDyunun səfəri zamanı görülmüş işlərin nəzərdən keçirilməsinin və gələcək planların müzakirəsinin əhəmiyyətini vurğulayıb.

Dövlət başçısı Azərbaycanın bütün istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində etibarlı tərəfdaş olduğunu bildirib.

İlham Əliyev Azərbaycan hərbçilərinin Əfqanıstanda sülhyaratma missiyasında ilk iştirak edənlərdən olduqlarını və 15 ildir orada fəaliyyət göstərdiklərini vurğulayaraq bunun Azərbaycan-ABŞ və Azərbaycan-NATO əməkdaşlığının əhəmiyyətli hissəsi olduğunu deyib.

Əfqanıstana həsr olunan NATO Sammitində iştirakına toxunan dövlət başçısı bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Prezident İlham Əliyev son illərdə Azərbaycan ilə Əfqanıstan arasında çox uğurlu əməkdaşlıq həyata keçirildiyini qeyd edərək Əfqanıstan prezidentinin iki dəfə Bakıya səfər etdiyini, onunla görüşlər keçirdiyini və ölkələrimiz arasında çox yaxşı işgüzar əlaqələrin qurulduğunu bildirib.

ABŞ-ın nəqliyyat komandanı general Darren MakDyun Azərbaycanın strateji baxımdan çox əhəmiyyətli bir ölkə olduğunu qeyd edib.

O, güclü əməkdaşlıq əlaqələrinə görə prezident İlham Əliyevə minnətdarlıq edərək bunun təkcə öz ölkəsi üçün deyil, Əfqanıstana dəstək verən bütün ölkələr üçün mühüm əhəmiyyət daşıdığını deyib.

General Darren MakDyun Əfqanıstana Qətiyyətli Dəstək Missiyasının komandanının prezident İlham Əliyevə Azərbaycan hərbçilərinin Əfqanıstanda iştirakına və eləcə də hərbçilərimizin peşəkar xidmət göstərdiklərinə görə təşəkkürünü çatdırıb.

KATEQORIYA:
Bu xəbəri paylaş