Prezident: Ağdam, Laçın və Kəlbəcər rayonları da yaxın günlərdə Azərbaycana qayıdır

Prezident: Ağdam, Laçın və Kəlbəcər rayonları da yaxın günlərdə Azərbaycana qayıdır

Hazırda münaqişənin siyasi həlli mərhələsidir. Bu mərhələdə də Azərbaycan istədiyinə nail olur və olacaq. Münaqişənin hərbi mərhələsi başa çatıb. Şuşanın azad edilməsi və noyabrın 9-da daha 70-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi münaqişənin hərbi mərhələsinə son qoyub.

“Azeri Defence” saytının məlumatına görə, bu barədə Prezident İlham Əliyev münaqişənin hərbi mərhələsinin başa çatmasından və siyasi həll mərhələsinin başlanmasından danışarkən bildirib.

Dövlət başçısı sözünə davam edərək deyib: “Mən münaqişənin və İkinci Qarabağ müharibəsinin əvvəlində demişdim, bu gün də bunu böyük qürur hissi ilə bir daha deyirəm ki, məsələnin hərbi-siyasi həll yolları var idi və Azərbaycan bunu döyüş meydanında sübut edib. Biz düşməni məcbur etdik ki, kapitulyasiya aktına imza atsın və beləliklə, bizim bu günə qədər işğal altında qalan Ağdam, Laçın və Kəlbəcər rayonları da yaxın günlərdə Azərbaycana qayıdır”.

Prezident qeyd edib ki, mənfur düşmən bu gün də vəhşiliklər törədir – evləri, məktəbləri yandırır, ağacları qırır. “Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir. Nə vicdan var, nə utanmaq var, nə əxlaq var. Ona görə İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi əhəmiyyətə malikdir. Bu, təkcə Azərbaycanın öz doğma torpaqlarının işğalçılardan azad edilməsi məsələsi deyil. Bu, eyni zamanda, bütün dünyaya, bütün işğalçılara göstərir ki, onların sonu bax, belə ola bilər. İşğalçıların, qəsbkarların sonu belə olacaq”, – deyə Azərbaycan Prezidenti əlavə edib.

KATEQORIYA:
Bu xəbəri paylaş