Prezident: Bizdə hərbi texnikanın satınalma coğrafiyası daha da genişlənir

Prezident: Bizdə hərbi texnikanın satınalma coğrafiyası daha da genişlənir

Azərbaycan Ordusunda təkcə türk silahları yox, rus, İsrail, Belarus, Ukrayna silahları və sair var. Çünki bu gün bizdə hərbi texnikanın satınalma coğrafiyası daha da genişlənir və biz bunlara görə pul ödəyirik.

“Azeri Defence” saytının məlumatına görə, bunu CNN  telekanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

“Ermənistanın silahları necə və haradan əldə etməsinə nəzər salsanız görərsiniz ki, onlarda olan silahlara görə onlar ödəniş etmək imkanında deyillər. Çünki bu, milyardlarla dollardır və kasıb ölkə üçün bu, mümkünsüzdür. Onlar öz müttəfiqlərindən silahları pulsuz əldə edirlər, biz silahlara ödəniş edərək onları alırıq”,- deyə Prezident Azərbaycan və Ermənistanın arsenalını müqayisə edərkən deyib.

Aparıcının Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarələrinin guya döyüşlərdə istifadə olunub olunmaması barədə sualını cavablandıran Prezident bildirib ki, təyyarələr Azərbaycanda hərbi təlimlərdə iştirak etmək üçün gəlmişdi: “Keçən il Azərbaycan və Türkiyənin birgə 10 hərbi təlimi olmuşdur. Türkiyə bizim müttəfiq ölkədir və burada hərbi təlimlərin, o cümlədən Hərbi Hava Qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi adət olunan haldır. Yeri gəlmişkən, bu il pandemiya səbəbindən bizdə yalnız iki hərbi təlim keçirilmişdir. Onlardan biri Ermənistanın bizə hücum etməsindən əvvəl baş vermişdir. Beləliklə, F-16 qırıcı təyyarələr yerdədir, onlar uçuş etmirlər, onlar heç bir şəkildə hər hansı bir döyüşdə iştirak etmirlər. Mən bunu birmənalı şəkildə deyirəm və hətta sizə bir erməni feyk xəbəri haqqında da söyləmək istəyirəm. Toqquşmaların ilk günlərində onlar türk F-16 qırıcı təyyarəsinin erməni Su-25 təyyarəsini vurduğunu demişdilər. Bu, feyk xəbərdir və bizi bunda günahlandıranlar indi bizdən üzr istəməlidirlər, çünki hər kəs bunun feyk xəbər olduğunu bilir. F-16 qırıcı təyyarələr buradadır, lakin onlar sizin də düzgün qeyd etdiyiniz kimi, yerdədir”.

KATEQORIYA:
Bu xəbəri paylaş