Prezident: Bizim qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın gücünü göstərdi

Prezident: Bizim qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın gücünü göstərdi

Müharibənin gedişatı xalqımızın gözü qabağında keçirdi. Müharibədən sonra bəzi əməliyyatlar, bəzi qərarlar haqqında müəyyən məlumat da verilir. Düzgün planlaşdırılmış və həyata keçirilmiş əməliyyatlar sayəsində, texniki imkanlardan istifadə edərək, övladlarımızın qəhrəmanlığına, rəşadətinə söykənərək biz mümkün olmayanı etdik, düşməni məhv etdik, düşmən ağ bayraq qaldırdı, düşmən diz çökdü.

Azeri Defence xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Vətən müharibəsinin nəticələri barədə danışarkən söyləyib.

“Bizim qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın gücünü göstərdi. Üç yüzdən çox şəhər və kəndlərimizi işğaldan azad edəndən sonra, qədim Azərbaycan şəhəri, hamımız üçün doğma olan Şuşanı və ardınca bir çox kəndləri azad edəndən sonra düşmən tam təslim oldu, kapitulyasiya aktına imza atdı və işğalda olan digər torpaqlardan geri çəkilməyə məcbur oldu”, – deyə dövlətimizin başçısı bildirib.

Prezident İlham Əliyev deyib: “Müharibə bizim gücümüzü göstərdi, əyilməz iradəmizi göstərdi, birliyimizi göstərdi, müharibə rəmzinə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var və həmişə olacaq. Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir. O 44 günlük müharibəni onlar heç vaxt unutmasınlar. Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq”.

Prezident qeyd edib ki, Azərbaycanın Ermənistanı məğlub etdiyini bütün dünya gördü, bu, dünyanın gözü qarşısında baş verdi. “Heç kimi bizi dayandıra bilmədi. Demişdim ki, sona qədər gedəcəyik, tarix versinlər bizə, tarix versinlər ki, işğalçı Ermənistan dövləti bizim torpaqlarımızdan nə vaxt çıxacaq. Tarix veriləndən sonra biz hərbi əməliyyatlarımızı dayandırdıq”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş