Prezident DSX ilə bağlı sənəd imzaladı: DSX-nin strukturu böyüdülür

General-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi təyin olunub

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidməti (DSX) ilə bağlı bir neçə fərman və sərəncam imzalayıb.

“AzeriDefence”nin Prezidentin saytına istinadən verdiyi məlumata görə, dövlət başçısının sərəncamı ilə Elçin İsağa oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilib.

Prezident həmçinin “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Fərmanında, habelə həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”də dəyişikliklərin edilməsi barədə fərman imzalayıb. Əsasnamənin 3-cü bəndinə edilmiş dəyişikliyə əsasən Dövlət Sərhəd Xidmətinin aparatı və strukturuna daxil olan sərhəd qoşunları, sahil mühafizəsi, çevik qüvvələr, sərhəd nəzarəti, hərbi aviasiya hissələri, hərbi dəniz hissələri, habelə digər təyinatlı hərbi hissələr və qurumlar Dövlət Sərhəd Xidmətinin vahid sistemini təşkil edir. Dövlət Sərhəd Xidməti ona həvalə edilmiş vəzifələri bilavasitə özü və tabeliyindəki qurumlar vasitəsi ilə həyata keçirir.

Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Strukturu” da yeni redaksiyada təsdiq edilib.

Qeyd edək ki, yeni sərəncam və fərmanlar DSX-nin şttat-strukturunun böyüməsi ilə bağlıdır. Belə ki, bundan sonra DSX –nin tərkibində Sərhəd Qoşunları DSX rəisinə tabe ayrıca komandanlıq kimi mövcud olacaq. Bundan başqa, DSX tərkibində Sahil Mühafizəsi, Çevik Qüvvələr və Sərhəd Nəzarəti komandanlıq və baş idarə formasında fəaliyyət göstərəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş