Prezident DSX Sahil Mühafizəsinin Gəmi İnşa Mərkəzində olub – FOTOLAR

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin inşası başa çatan “Tufan” gəmisi və yeni xüsusi texnikalar ilə tanış olub.

Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyev İlham Əliyevə raport verib.

Prezident DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin fəaliyyətini əks etdirən filmə baxıb, onların texniki göstəriciləri ilə tanış olub.

Məlumat verilib ki, yeni gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı kompleks, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən iti sürətli qayıqla təchiz edilən və 62 metr uzunluğunda olan sərhəd gözətçi gəmisinin dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkündür. Yeni gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin edilməsi, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli, infrastrukturun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə olunacaq. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində iti sürətli və yüksək üzmə qabiliyyətli müasir silahlar, mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı ilə təchiz edilən daha bir “Tufan” tipli sərhəd gözətçi gəmisinin inşası yaxın zamanlarda başa çatdırılacaq.

Dövlət başçısı yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisində yaradılan şəraitlə maraqlandıqdan sonra, sərhəd gözətçi gəmilərinin keçidinə baxıb.

İlham Əliyev DSX Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində “Tufan” tipli növbəti sərhəd gözətçi gəmisinin təməlini qoyub.

Sonra, İlham Əliyev yeni alınmış avtonəqliyyat vasitələri və digər xüsusi texnikalar ilə də tanış olub.

KATEQORIYA:
Bu xəbəri paylaş