Prezident hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə ilə bağlı fərman imzalayıb

Prezident hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə ilə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminin yaradılması barədə fərman imzalayıb.

Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Fərman hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə ilə bağlı toplanan məlumatların sistemliliyinin təmin edilməsi, dövlət informasiya ehtiyatları və sistemləri arasında müvafiq məlumat mübadiləsinin səmərəliliyinin, əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması, müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi məqsədi daşıyır.

Fərmanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə altsistemin formalaşdırılmasını 2021-ci il yanvarın 1-dək təmin etmək, tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının altsistemə çıxışına imkan yaratmaq tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi altsistemin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasını təmin edəcək.

Tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanları altsistem formalaşdırıldıqdan sonra altı ay müddətində hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə ilə bağlı rəsmiləşdirilmiş bütün sənədlərdəki məlumatların xəstəliklərin beynəlxalq təsnifatına uyğun şəkildə altsistemə daxil olunmasını təmin edib, Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidirlər.

 

KATEQORIYA:
Bu xəbəri paylaş