Prezident hərbi qurumları yerli məhsulu bəyənməməkdə ittiham etdi

Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bəzi hərbi qurumların ünvanına tənqidlər səsləndirib və onları yerli məhsulu bəyənməməkdə ittiham edib.

“AzeriDefence”nin məlumatına görə, dövlət başçısı ölkədə əsgər ayaqqabılarının istehsal edilməsinə baxmayaraq, Azərbaycanın bəzi hərbi qurumlarının bu məhsulu xaricdən satın aldığını bildirib.

“Mənə bu yaxınlarda hətta hökumət müşavirəsində ayaqqabı gətirib göstərdilər ki, görün, Azərbaycanda nə gözəl ayaqqabı istehsal olunur. Ancaq bizim bəzi hərbi qurumlar bunu bəyənmir, əsgər üçün xaricdən ayaqqabı alır. Nə üçün? Ona görə, bax, bu sahə çox ciddi nəzarət altında olmalıdır. Beləliklə, biz israfçılığa yol verməyəcəyik, xərclər azalacaq, valyuta xaricə getməyəcək, yerli istehsal güclənəcək. Ona görə mənim göstərişim hamıya aiddir”, – deyə prezident İlham Əliyev vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş