Prezident İlham Əliyev: Əgər bu hərbi həll olmasaydı, düşmən kapitulyasiya aktını imzalamazdı

Prezident İlham Əliyev: Əgər bu hərbi həll olmasaydı, düşmən kapitulyasiya aktını imzalamazdı

Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. Bütün dünya bunu görməlidir və səssiz qalmamalıdır, necə ki, 30 il səssiz qalıb, 30 il biganə qalıb. O biganəlik faktiki olaraq erməni işğalını möhkəmləndirirdi. Bizi sanki bu vəziyyətlə barışmağa sövq edirdilər, sülh yolu ilə məsələ həll olunsun, ildən-ilə, 30 il ərzində biz eyni sözləri eşidirdik – münaqişənin hərbi həlli yoxdur, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Amma biz sübut etdik ki, münaqişənin həlli var, o cümlədən hərbi həlli var.

“Azeri Defence” saytının məlumatına görə, bu barədə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Füzuli şəhərində çıxış zamanı münaqişənin hərbi yolla həll olunmasının əhəmiyyətindən danışarkən bildirib.

“Bizim qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına biz bunu bütün dünyaya sübut etmişik, münaqişənin hərbi həlli var və biz buna nail olmuşuq. Əgər bu hərbi həll olmasaydı, düşmən kapitulyasiya aktını imzalamazdı.

Müharibənin ilk günlərindən mən deyirdim, Ermənistan rəhbərliyi, Ermənistanın ali baş komandanı, – əgər o adama, ümumiyyətlə, bu adı aid etmək mümkündürsə, – bəyan etməlisiniz, cədvəl verməlisiniz, nə vaxt hansı rayondan çıxırsınız. Ondan sonra biz müharibəni dayandırarıq. Əks-təqdirdə sona qədər gedəcəyik və getdik də”, – deyə Ali Baş Komandan vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd, bütövlükdə 300-dən çox yaşayış məntəqəsi azad edildi, düşmənin beli qırıldı, düşmən diz çökdü və məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı.

KATEQORIYA:
Bu xəbəri paylaş