Prezident İlham Əliyev: “Əgər danışıqlar bərpa edilərsə, əminəm ki, bu təqvim bizə veriləcək”

Prezident İlham Əliyev: “Əgər danışıqlar bərpa edilərsə, əminəm ki, bu təqvim bizə veriləcək”

Türkiyə hər zaman olduğu kimi, bizi bu məsələ ilə bağlı bir daha açıq və birmənalı dəstəklədi. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, digər yüksək səviyyəli vəzifəlilərin açıqlamaları bir daha qardaşlıq mövqeyinin təzahürü idi. Pakistan və onun Baş Naziri çox böyük həmrəylik göstərərək çox müsbət açıqlama verib. Digər ölkələr də belə açıqlamalar edib.

Azeri Defence saytının məlumatına görə, bunu Prezident İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində deyib.

“Ancaq deyə bilmərəm ki, bu, dünya miqyasında geniş vüsət almışdır. Halbuki hər kəs üçün bu, gün kimi aydındır. Atəşkəs rejimi haqqında açıqlama verilir, ondan bir gün keçməmiş belə namərd hücum təşkil edilir və bir daha onu göstərir ki, atəşkəsi kim istəmir. Azərbaycanın məqsədinin işğal edilmiş bütün torpaqlara öz vətəndaşlarını qaytarmaqdan ibarətdir. Bildirmişdim ki, atəşkəs imkan verəcək ki, artıq hərbi müstəvidən bu, siyasi müstəviyə, diplomatik müstəviyə keçsin.

Diplomatik müstəvidə danışıqlar masası arxasında bu məsələ həll olunsun və Ermənistan digər hələ də işğal altında olan torpaqlardan çəkilsin, Azərbaycan vətəndaşları oraya qayıtsın və sülh yaransın. Ancaq görünür ki, Ermənistanın planları tam başqa idi. Onlar hesab edirdilər ki, bu atəşkəsdən istifadə edərək, bunu istismar edərək öz hərbi məğlubiyyətlərini bir qədər azalda bilərlər, zaman qazana bilərlər, yeni qüvvələr səfərbər edə bilərlər və beləliklə, Azərbaycana qarşı hücumları davam etdirə bilərlər. Amma onlar yanıldılar. Mən demişdim ki, əgər Ermənistan müsbət davranış göstərməsə peşman olacaq və haqlı idim”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, biz otuz il gözləmişik. Artıq Azərbaycan xalqının səbri tükənib. Əgər danışıqlar bərpa edilərsə, əminəm ki, bu təqvim bizə veriləcək. Ancaq Ermənistanın bu anlaşmanı, bu açıqlamanı pozması göstərir ki, onların niyyəti sadəcə olaraq vaxt qazanmaq və Azərbaycana öz hücumunu davam etdirməkdir.

Moskva anlaşmasında Azərbaycanı qane edən məqamlar barədə danışan dövlət başçısı deyib: “Bizim maraqlarımıza cavab verən maddələr bizi təmin etdi. Onu da bildirməliyəm ki, Moskva müzakirələrinin uzun çəkməsinin səbəbi o idi ki, bizim üçün məqbul olmayan bəzi maddələr o açıqlamaya salınmalı idi. Bizim bundan xəbərimiz yox idi. Bizim Xarici İşlər nazirimiz Moskvaya gələndə və artıq müzakirə masasına əyləşəndə hər iki nazirə təkliflər verildi. Təbii ki, mənimlə əlaqə saxlanıldı və biz müntəzəm olaraq əlaqədə idik. Mən bizim şərtlərimizi demişdim və o şərtlərdən kənarda hər hansı bir razılaşma mümkün deyildi”.

 

KATEQORIYA:
Bu xəbəri paylaş