Prezident İlham Əliyev: “44 gün ərzində Azərbaycan parlaq qələbə qazanaraq, Ermənistanı məğlub etdi”

Prezident İlham Əliyev: “44 gün ərzində Azərbaycan parlaq qələbə qazanaraq, Ermənistanı məğlub etdi”

Vətən Müharibəsinin ilk günlərindən, daha doğrusu ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi.

“Azeri Defence” məlumatına görə, bu fikirləri “Zəfər paradı”nda çıxışında Azərbaycan Prezidenti İlham Əliyev deyib.

“Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır! Demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir və bu gün biz birlikdə “Zəfər paradı”nda iştirak edərkən bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda bütün dünyaya göstəririk.

44 gün ərzində Azərbaycan parlaq qələbə qazanaraq, Ermənistanı məğlub etdi. İşğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi. Hər gün yeni kəndlər, şəhərlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun. Tarixi ədalət zəfər çalsın və buna nail olduq”, – deyə dövlət başçısı bildirib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş