Prezident İlham Əliyev: Azərbaycan Ordusu hər gün uğurlu əməliyyatlar keçirir

Prezident İlham Əliyev: Azərbaycan Ordusu hər gün uğurlu əməliyyatlar keçirir

Azərbaycan Ordusu demək olar ki, hər gün uğurlu əməliyyatlar keçirir. Bu əməliyyatlar haqqında ictimaiyyətə də məlumat verilir. Bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Ona görə döyüş meydanında da əsas hədəf strateji yüksəklikləri işğalçılardan azad etmək və böyük əraziləri nəzarət altına almaqdır.

Azeri Defence saytının məlumatına görə, bu barədə Prezident İlham Əliyev Türkiyənin NTV kanalına müsahibəsində deyib.

“Dünən mənim tərəfimdən verilən açıqlama Azərbaycan xalqını növbəti dəfə sevindirdi. Füzuli rayonunun 3, Xocavənd rayonunun 5 kəndi işğalçılardan azad edildi. Onu da deyim ki, həm şimal, həm cənub və həm də şərq istiqamətlərində strateji yüksəkliklər artıq bizim nəzarətimizdədir. Bizim uğurlu əməliyyatımız davam edir. Bu günə qədər, – əlbəttə ki, hər gün bu rəqəmlər dəyişir, – təqribən 40-a yaxın, ya da ki, 40-dan çox yaşayış məntəqəsi, – şəhərlər və kəndlər işğalçılardan azad edilmişdir. Yaxın vaxtlarda növbəti sevincli xəbərlər, xoş xəbərlər gələcəkdir”, – deyə dövlət başçısı bildirib.

Prezident İlham Əliyev deyib: “Cəbrayıl rayonunun kəndlərinin böyük qismi artıq bizdədir. Eyni zamanda, Füzuli rayonunun bir çox kəndlərini işğalçılardan azad etdik. Əminəm ki, yaxın zamanlarda Füzuli rayonundan da çox yaxşı xəbərlər gələcək. Eyni zamanda, şimal istiqamətində Suqovuşan qəsəbəsinin işğalçılardan azad edilməsi də çox uğurlu əməliyyat nəticəsində baş vermişdir. O da strateji əhəmiyyətə malikdir. Çünki orada həm yüksəkliklər böyük əraziyə nəzarət etməyə imkan yaradır, həm də orada çox önəmli su anbarı yerləşir”.

Azərbaycan Prezidenti qeyd edib ki, Suqovuşan qəsəbəsində yerləşən anbar nəzarətimizə keçəndən sonra artıq böyük bir əraziyə su verilir. “Ona görə biz əməliyyatımızı tədricən, vahid bir planlama əsasında aparırıq. Bütün hədəflər seçilib. Ermənistan tərəfi, sadəcə olaraq, bu reallıqla hesablaşmalı və təcavüzünü dayandırmalıdır, atəşkəsə əməl etməlidir və qalan torpaqlardan da öz xoşu ilə çıxmalıdır ki, qan tökülməsin və bundan sonra bu məsələ sülh yolu ilə həll edilsin.

Biz vasitəçilərə çox böyük bir jest etdik. Çünki bilirsiniz ki, ilk günlərdən bizə atəşkəslə bağlı müxtəlif yerlərdən mesajlar gəlirdi. Təbii ki, dünyanın öz qaydaları var, müharibənin öz qaydaları, öz qanunları var. Əgər sənə kimsə hücum edirsə, sən öz torpaqlarını, öz əhalini müdafiə etməlisən. Bildiyiniz kimi atəşkəs rejiminin tətbiq edilməsinin əsas səbəbi humanitar məsələlərdir. Bu istiqamətdə müəyyən işlər aparıldı. Biz cəsədlərin dəyişdirilməsi istiqamətində çox önəmli addımlar atdıq. Ancaq təəssüf ki, Ermənistan bu atəşkəsdən istifadə edərək bizə yeni hücumlar təşkil etdi”, – deyə dövlət başçısı əlavə edib.

Prezident Gəncə şəhərinin, digər şəhər və kəndlərimizin bombalandığını diqqətə çatdıraraq deyib: “Bu, müharibə cinayətidir, bu, terror aktıdır. Ermənistan terror ölkəsi kimi bir daha öz sifətini bütün dünyaya göstərdi, eyni zamanda, döyüş meydanında da. Atəşkəsdən sonra onlar bu imkanlardan istifadə etmək istədilər və Hadruta iki-üç dəfə hücum etdilər, Hadrutu yenidən işğal etməyə çalışdılar. Amma buna nail ola bilmədilər və orada çox böyük canlı qüvvə və texnika itirdilər. Digər istiqamətlərdə – Cəbrayıl rayonunda, Cəbrayılın cənub istiqamətində Araz çayı boyunca bizə qarşı yenə hücumlar təşkil edilmişdir. Bütün bu hücumlar təbii ki, dəf edildi.

Bütün bunlar onu göstərir ki, Ermənistan danışıqlar masası arxasında da səmimi deyil. Ona görə əgər Ermənistanda bu çirkin siyasət davam edərsə, onlar özləri peşman olacaqlar. Mən bu döyüşlərin ilk saatlarından onlara və erməni xalqına müraciət edərək demişdim ki, bu torpaqlardan sülh yolu ilə çıxın, qan tökülməsin, insanlar həlak olmasın. Ancaq təəssüf ki, Ermənistan buna əməl etmir. Bu gün döyüş meydanında Ermənistan ordusunun tam darmadağın olmasında əsas günahkar Ermənistanın hərbi-siyasi rəhbərliyidir”.

KATEQORIYA:
Bu xəbəri paylaş