Prezident İlham Əliyev: Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq

Prezident İlham Əliyev: Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq

Dayanıqlı atəşkəs üçün hər iki tərəfin buna sadiq olması lazımdır. Biz buna sadiqik. Biz günorta saat 12-dən qüvvəyə minmiş atəşkəsə riayət etmişdik, amma görəndə ki, Ermənistan bunu pozur, təbii ki, biz buna səssiz qala bilməzdik. Biz də özümüzü müdafiə etməliyik və beləliklə, demək olar ki, atəşkəs qüvvəyə mindi, amma real həyatda baş vermədi.

Azeri Defence saytının məlumatına görə, bu sözləri Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində deyib.

“Əlbəttə ki, Gəncə belə vəhşi atəşə məruz qaldıqda bu, hər bir azərbaycanlını hiddətləndirir və adekvat cavab tələb olunur. Amma biz cavabı döyüş meydanında veririk. Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq. Bizim münasibətimiz belədir: biz heç vaxt mülki şəxslərlə müharibə aparmamışıq, bu gün də aparmırıq. Bu, Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir.

Dayanıqlı atəşkəsin təmin edilməsi üçün, ilk növbədə, Ermənistan anlamalıdır ki, artıq işğaldan azad edilmiş torpaqları onlar görməyəcəklər, onlar oraya qayıtmayacaqlar. Bu, onlar üçün tamamilə qeyri-mümkündür. Kim nə deyirsə-desin, kim onları necə dəstəkləyirsə dəstəkləsin, bu, olmayacaq. Biz bu torpaqlara gəldik, bu, bizim dədə-baba torpaqlarımızdır. Bizi oradan heç bir qüvvə çıxara bilməz. Bunu nə qədər tez anlasalar, onlar üçün o qədər də yaxşı olacaq”, – deyə dövlət başçısı bəyan edib.

 

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş