Prezident İlham Əliyev Moskvada keçiriləcək hərbi paradda iştirak etməyəcək

Prezident İlham Əliyev Moskvada keçiriləcək hərbi paradda iştirak etməyəcək

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın paytaxtı Moskva şəhərində iyunun 24-də keçiriləcək faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan hərbi paradda iştirak etməyəcək.

“AzeriDefence” Prezidentin saytına istinadən xəbər verir ki, bunu bu gün Prezident İlham Əliyev Rusiyanın Prezidenti Vladimir Putinlə telefon danşığında deyib.

Dövlət başçısı Azərbaycanda karantin tədbirlərinin uzadılması ilə əlaqədar Moskvada Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda əvvəlcədən planlaşdırılmış iştirakının mümkün olmadığını təəssüf hissi ilə bildirib və qeyd edib ki, Azərbaycan bu tədbirdə Müdafiə naziri və Azərbaycan Ordusunun 75 nəfər hərbi qulluqçusu ilə təmsil olunacaqdır.

Prezident Vladimir Putin vəziyyətə anlayışla yanaşdığını bildirib.

Dövlət başçıları Rusiya-Azərbaycan sərhəddində yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Prezident İlham Əliyev bildirib ki, onun Rusiya Prezidenti ilə bu il mayın 18-dəki telefon danışığından ötən dövr ərzində Samur keçid məntəqəsindən 700-ə yaxın, bütövlükdə bir ay ərzində isə quru və hava yolları ilə 1000-ə yaxın Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə gətirilib.

Prezidentlər müvafiq dövlət strukturlarına sərhəddə vəziyyətin tənzimlənməsi ilə əlaqədar əlavə tapşırıqların verilməsi barədə razılaşıblar.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş