Prezident İlham Əliyev: “Qarabağda azad edilmiş ərazilərə Azərbaycan bayrağı sancılıb”

Prezident İlham Əliyev: “Qarabağda azad edilmiş ərazilərə Azərbaycan bayrağı sancılıb”

Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı davam edir. Biz öz torpağımızda döyüşürük. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Azeri Defence saytının məlumatına görə, bunu Prezident İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən deyib.

Prezident İlham Əliyev bildirib ki, sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribata başladı: “Bu da onların işğalçı siyasətinin davamıdır. Keçən ay biz Ermənistan tərəfindən çox kəskin təcavüz aktlarını müşahidə etdik. İyul ayında baş verənlər beynəlxalq ictimaiyyətə yaxşı məlumdur və hər kəs bilir ki, Tovuz rayonunda Ermənistan-Azərbaycan dövlət sərhədində bizim kəndlərimizi və hərbi mövqelərimizi atəşə tutan Ermənistan olmuşdur. Bunun nəticəsində bir mülki şəxs öldürülmüşdür. Azərbaycan Ordusu cavab tədbiri görməli idi. Biz onlara adekvat cavab verdik. Onların müdafiə nazirinin əvvəl bəyan etdiyi kimi, yeni əraziləri işğal etmək planları uğursuzluğa düçar oldu.

Azərbaycan Ordusu bir daha öz gücünü nümayiş etdirdi və erməni ordusu təxribatı dayandırmaq və etdiklərindən peşmançılıq keçirmək məcburiyyətində qaldı. Lakin əfsuslar ki, onların işğalçı və Azərbaycanofobiya siyasəti davam edir. Keçən ay, avqustun 23-də onlar ordumuz tərəfindən yaxalanan diversiya qrupu göndərdilər. Diversiya qrupunun başçısı yaxanlanmışdır və o, ifadələrində əsas hədəfin mülki şəxslərə hücum etmək, terror aktları törətmək və hərbi qulluqçularımıza hücum etməkdən ibarət olduğunu bildirdi. Biz onların müharibəyə hazırlaşdığını gördük. Mənim qeydlərim, bəyanatlarım, müsahibələrim və yeni təcavüzdən bir neçə gün öncə BMT Baş Assambleyasında çıxışım Ermənistanın dayandırılması barədə beynəlxalq ictimaiyyət üçün həmişə siqnal idi. Mən Ermənistanın açıq-aşkar yeni müharibəyə hazırlaşdığını və dayandırılmalı olduğunu dedim və bu, baş verdi”.

Dövlət başçısı bildirib ki, sentyabrın 27-də ermənilər müxtəlif istiqamətlərdən kəndlərimizə, hərbi mövqelərimizə hücum etməyə başladılar və bu iki gündə bizim mülki şəxslər arasında itkilərimiz olub: “Əfsuslar olsun ki, mülki şəxslər arasında itkilərin sayı artmaqdadır. Bu ana kimi Ermənistan silahlı qüvvələri tərəfindən 10 mülki şəxs, o cümlədən aralarında iki uşaq olan 5 nəfərdən ibarət bir ailə öldürülüb. Mülki şəxslər arasında 20-dən çox yaralı var. Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir. Bu dəfə biz onlara növbəti dərs verəcəyik. Biz onlara artıq dərs vermişik və bu proses davam edəcək. Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı. İşğal altındakı bəzi ərazilər əks-hücum nəticəsinə azad edilmişdir. Azad edilmiş bu ərazilərə Azərbaycan bayrağı sancıldı”.

KATEQORIYA:
Bu xəbəri paylaş