Prezident İlham Əliyev Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırımı qəbul edib – YENİLƏNİB

Prezident İlham Əliyev Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırımı qəbul edib – YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

“Azeri Defence” saytının məlumatına görə, qonaqları salamlayan Prezident İlham Əliyev deyib:

-Xoş gəlmisiniz. Şadam sizi görməyimə.

Binəli Yıldırım: Xoş gördük. Sağ olun. Necəsiniz? Yaxşısınız?

Prezident İlham Əliyev: Sağ olun, hər şey yaxşıdır. İşlər yaxşı gedir.

Binəli Yıldırım: Maşallah.

Prezident İlham Əliyev: Çox sağ olun ki, gəlmisiniz. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, növbəti həmrəylik təzahürüdür. Əziz qardaşım, cənab Prezident dediyi kimi, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu dönəmdə də birliyimiz daha da möhkəmləndi. Bildiyiniz kimi, indi Vətən müharibəsi gedir, yaxşı nəticələr var, bir çox şəhərlər, kəndlər işğalçılardan azad edilib. Demək olar ki, hər həftə Azərbaycan xalqına bu haqda məlumat verirəm. Bu gün də yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcəkdir. Artıq ilkin məlumatlar gəlibdir. İnşallah, sona qədər bu haqlı davamızı davam etdirəcəyik, işğalçıları torpaqlarımızdan qovacağıq.

Türkiyə ilk saatlardan bizim yanımızda olduğunu bəyan etmişdir. Hörmətli Prezident, əziz Qardaşım çox açıq bəyanatlar vermişdir ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və Azərbaycan tək deyil. Bu, çox önəmli bəyanatlar idi və bizə əlavə mənəvi dəstəyin göstərilməsi bir daha Türkiyə-Azərbaycan birliyinin təzahürüdür.

Hörmətli Binəli bəy, biz sizinlə bərabər bu tarixi birlikdə yaşamışıq. Yaxşı bilirik, nə qədər böyük səylər göstərildi ki, Türkiyə və Azərbaycan bir-birinə daha da yaxın olsun. Çox önəmli layihələrin, sizin də rəhbərlik etdiyiniz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi onların sırasında mühüm yer tutur. Bundan sonra digər layihələr də olacaq. İnşallah, bundan sonra da uğurlu işbirliyimiz davam edəcəkdir.

Sizə bir daha təşəkkürümü bildirirəm. Bilirəm ki, sizin səfəriniz bizə həmrəylik, dəstək göstərmək mənasını daşıyır. Buna görə də çox minnətdaram.

X  X  X

Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırım deyib:

-Çox təşəkkür edirəm, dəyərli Prezident.

Dünən Prezidentimizlə birlikdə idik. Cənab Prezidentimizin salamlarını Sizə çatdırmaq istəyirəm. Bildiyiniz kimi, bir neçə gün əvvəl İzmirdə böyük bir fəlakət baş verdi.

Prezident İlham Əliyev: Mən Prezidentə zəng etdim, başsağlığı verdim.

Binəli Yıldırım: Bəli, İzmirdən seçilən deputat olduğuma görə hadisənin baş verdiyi ilk andan orada idim. Axtarış-xilasetmə işləri zamanı vətəndaşlarımızın dağıntılar altından sağ çıxarılması, xəsarət alanların müalicəsi üçün böyük səy göstərdik. Prezidentimiz də oraya gəldi. O da lazımi göstərişlərini verdi.

Təbii ki, Türkiyə olaraq biz Azərbaycanın bu haqlı mübarizəsində əvvəldən bəri daim onun yanındayıq. Heydər Əliyev cənablarının “Bir millət, iki dövlət” şüarını o gündən bu günədək davam etdiririk. Bilirik ki, Dağlıq Qarabağ məsələsində Siz yerdən göyə qədər haqlısınız. Çünki Azərbaycan bu müharibədə öz torpaqlarını işğalçılardan təmizləyir.

Azərbaycan 27 ildir davam edən bu işğala son qoyur, öz ərazilərinin azad olunmasını təmin edir. Buna görə Azərbaycan gecə-gündüz böyük vətənpərvərlik nümunəsi göstərərək hər gün qəhrəmanlıq dastanları yazır. Buraya gələrkən bir qədər əvvəl yenə bir xəbər oxudum, bir təyyarə məhv edilib.

X  X  X

Görüşdən sonra Prezident İlham Əliyev Binəli Yıldırım ilə xatirə şəkli çəkdirib.

Dövlət başçısı nümayəndə heyətinin üzvləri ilə də xatirə şəkli çəkdirib.

Binəli Yıldırım xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim edib.

Daha sonra Milliyətçi Hərəkət Partiyasının parlamentdəki fraksiyasının rəhbəri Cəlal Adan MHP-nin sədri Dövlət Baxçalının adından Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.

KATEQORIYA:
Bu xəbəri paylaş