Prezident İlham Əliyev: “Azərbaycan Ordusu istənilən hərbi vəzifəni icra edə bilər”

Azərbaycan hərbi potensialını gücləndirir və gücləndirəcək. Aprel döyüşləri bir daha onu göstərib ki, biz düzgün siyasət aparırıq.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Nazirlər Kabinetinin iclasında çıxış edən prezident İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, bu gün hamı Azərbaycan Ordusunun həm texniki təchizat, həm döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasında olduğunu görür.

“Bu gün Azərbaycan Ordusu istənilən hərbi vəzifəni icra edə bilər”, – deyə prezident İlham Əliyev qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, aprel hadisələrindən sonra çox ciddi əlavə tədbirlərin görülüb, döyüş qabiliyyəti artırılıb: “Biz ən müasir texnika, silah-sursat alırıq. Əlbəttə ki, bu, bizim gücümüzü artırır və danışıqlar prosesində mövqelərimizi gücləndirir. Ona görə artıq uzun illər ərzində apardığımız siyasət öz səmərəliliyini təsdiq etdi. Bundan sonra hərbi potensialımızın gücləndirilməsi, ordu quruculuğu prosesi daha da sürətlə getməlidir. Həm yerli istehsal daha da artmalıdır və artacaq, – bu gün artıq Azərbaycanın çox güclü hərbi sənayesi vardır, – həm də ən qabaqcıl texnologiyaya malik olan silahlar alınır və alınacaq”.

KATEQORIYA:
Bu xəbəri paylaş