Prezident İlham Əliyev: Əfqanıstanın üzləşdiyi təhlükəsizlik çağırışlarını həll etməkdə davam edirik

Azərbaycan Əfqanıstanın qarşısında duran çağırışların öhdəsindən gəlməsində onu dəstəkləyən birinci və ən fəal ölkələr sırasındadır.

“AzeriDefence”nin Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda “Asiyanın Qəlbi” – İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən 7-ci Nazirlər Konfransında çıxışı zamanı deyib.

“Biz ikitərəfli səylər və eləcə də çoxtərəfli platforma çərçivəsində fəal iştirakımızla Əfqanıstanda ölkənin sabitliyinə, sülh şəraitində yenidənqurma və inkişafına yardım işinə sadiq olaraq qalırıq.

Əfqanıstanın rifahı və tərəqqisi iqtisadi artım və regional əməkdaşlıq məsələləri ilə qarşılıqlı şəkildə bağlıdır və regionun ümumi təhlükəsizlik mühitindən asılıdır. Çox önəmlidir ki, Əfqanıstanın yenidən qurulması və iqtisadi inkişafı məsələlərinə səylərimizin yönəldilməsi ilə yanaşı, biz ölkənin indiyədək əldə etdiyi tərəqqini qoruyub saxlamaq üçün Əfqanıstanın üzləşdiyi təhlükəsizlik çağırışlarını həll etməkdə davam edirik.

Belə ki, terrorizm, radikal ekstremizm və separatizmin bütün forma və ifadə vasitələrindən qaynaqlanan təhlükəsizlik təhdidləri ilə mübarizədə birgə səylərimizin davam etdirilməsi və bu məqsədlə regional əməkdaşlığın artırılması vacibdir”, – deyə dövlət başçısı bəyan edib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ikitərəfli müstəvidə, eləcə də idarəçilik, hərbi, hüquq mühafizə və minaların təmizlənməsi sahələri üzrə təlimlər vasitəsilə Əfqanıstanla öz təcrübəsini bölüşməyə sadiqdir: “Biz Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələrindən (İSAF) sonrakı Qətiyyətli Dəstək Missiyasına (RSM) qüvvə, multimodal tranzit, təlim və maliyyə yardımı təchiz etməklə töhfə veririk”.

KATEQORIYA:
Bu xəbəri paylaş