Prezident İlham Əliyev: Yeni silahların alınması bundan sonra da davam edəcək

Azərbaycan öz torpaqlarını azad edəcək

Reallıq onu göstərir ki, Azərbaycanın ordu quruculuğu ilə bağlı apardığı siyasət yeganə düzgün siyasətdir.

“AzeriDefence” Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində deyib.

“Bu siyasətin əvvəlində böyük işlər görüldü. Son 15 il ərzində ordu quruculuğu prosesi sürətlə getmişdir. Bəzi hallarda bizi tənqid edirdilər ki, siz nəyə görə bu məsələlərə bu qədər vəsait xərcləyirsiniz. Ancaq həyat göstərdi ki, biz düzgün siyasət aparmışıq. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, biz onu da təmin edirik. Ən müasir silahlar alınır və bundan sonra da alınacaq”, – deyə Prezident İlham Əliyev bəyan edib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Ordusunun gücünü düşmən də gördü: “Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad etdi, minlərlə hektar torpağa biz nəzarət edirik. Bu torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, insanlar qayıdır, yeni qəsəbə salınıbdır. Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir. Onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bunu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq”.

KATEQORIYA:
Bu xəbəri paylaş