Prezident: İyulun 17-dən sentyabr ayına qədər Ermənistana hərbi yük təyyarələri ilə min tondan artıq hərbi avadanlıq daşınıb

Prezident: İyulun 17-dən sentyabr ayına qədər Ermənistana hərbi yük təyyarələri ilə min tondan artıq hərbi avadanlıq daşınıb

Ermənistan təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyu mülki vətəndaşları məqsədyönlü şəkildə hədəfə alır və təxribatlar törədir.

Azeri Defence saytının məlumatına görə, bunu Prezident İham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında bildirib.

Dövlət başçısı qeyd edib ki, 2016-cı ilin aprel ayında Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum həyata keçirib. Həmin hücum nəticəsində biri uşaq olmaqla, 6 dinc sakin qətlə yetirilib, 26 mülki vətəndaş isə yaralanıb. Azərbaycan Silahlı Qüvvələri əks-hücum tədbirləri həyata keçirib və işğal olunmuş torpaqların bir hissəsini azad edib.

“2017-ci ildə Ermənistanın məqsədyönlü hücumu nəticəsində 2 yaşlı Zəhra Quliyevə və onun nənəsi qətlə yetirilmişdir. 2020-ci il iyulun 12-də Ermənistan dövlət sərhədi istiqamətində növbəti təxribata əl atmışdır. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə tutulması nəticəsində hərbçilərimiz və 76 yaşlı mülki vətəndaşımız həlak olmuş, mülki infrastruktura isə ciddi zərər dəymişdir”, – deyə Prezident qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, təxribatın məqsədi regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsini ikinci plana keçirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaqdan ibarət idi.

“Bununla yanaşı, onlar Ermənistanda artmaqda olan iqtisadi-sosial problemlərdən xalqın diqqətini yayındırmağa çalışdılar. Lakin Azərbaycanın cavabı qətiyyətli oldu və Ermənistan heç bir məqsədinə nail ola bilmədi. Ermənistan növbəti dəfə hərbi məğlubiyyətə uğradı. Ermənistan hərbi dəstək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməklə məğlubiyyətini etiraf etmiş oldu.

Bu yaxınlarda erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd etmişdir. 2020-ci il avqustun 23-də həmin dəstənin başçısı azərbaycanlı hərbçilər tərəfindən yaxalanmışdır. O, dəstənin azərbaycanlı hərbçi və mülki vətəndaşlara qarşı terror aktlarının planlaşdırdığını etiraf etmişdir”, – deyə Prezident bəyan edib.

Dövlət başçısı bildirib ki, Ermənistan hökuməti Azərbaycan tərəfinin əsirlərin “hamının-hamıya” prinsipi əsasında mübadiləsi təklifini rədd edib. Azərbaycanlı mülki vətəndaşlar Dilqəm Əsgərov və Şahbaz Quliyev işğal altındakı ərazilərdə valideynlərinin məzarlarını ziyarət edərkən əsir götürülüb və işgəncəyə məruz qalıblar. Onlar 6 ildən çoxdur ki, əsirlikdədirlər.

“Cari ilin mart ayında Azərbaycanın işğal olunmuş torpaqlarında təşkil edilmiş qondarma “seçkilər” növbəti təxribat idi. Həmin dırnaqarası “seçkilər” əvvəlkilər kimi, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı, Avropa İttifaqı, Avropa Parlamenti və digərləri tərəfindən kəskin şəkildə qınanıldı və rədd edildi.

Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu regional sülhə və təhlükəsizliyə böyük təhdiddir. Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həyata keçirilən sülh prosesini pozmağa cəhd edir. Ermənistanın məqsədi işğalla bağlı hazırkı status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır. Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdır. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. Onun qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır”, – deyə Prezident əlavə edib.

Dövlət başçısı Ermənistanın baş nazirinin Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılması ilə bağlı elanını da diqqətə çatdrıb: “Ermənistanın müdafiə naziri “yeni ərazilər uğrunda yeni müharibəyə” çağırır. Ermənistan Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna – Mingəçevir su anbarı və Bakının yaxınlığında yerləşən dünyanın ən iri neft-qaz terminallarından biri olan və onlarla dövlətin enerji təhlükəsizliyini təmin edən Səngəçal terminalına zərbə endirməklə hədələyir. Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onları Azərbaycana qarşı istifadə edir. Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir. Ermənistan Azərbaycana qarşı 30-dan artıq terror aktı törədib. Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var. Erməni terrorçuları 24 türk diplomatını qətlə yetirib. Paris şəhərinin Orli hava limanında terror aktı törədərək müxtəlif ölkələrin vətəndaşlarını qətlə yetirən ASALA terror təşkilatının Varujan Karapetyan adlı üzvü daha sonra Ermənistana ekstradisiya olunmuş və Ermənistan prezidenti tərəfindən əfv edilmişdir. Həmin terrorçu Ermənistanda qəhrəman kimi qəbul edilir. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub”.

Dövlət başçısı həmçinin vurğulayıb ki, nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general Qaregin Njde “milli qəhrəmana” çevrilib. İkinci Dünya müharibəsindən sonra o, həbs olunaraq 25 illik azadlıqdan məhrum edilmiş və həbsxanada ölmüşdür. Ermənistanın paytaxtının mərkəzində Njdenin xatirəsinə 6 metrlik abidə ucaldılıb. ASALA kimi bir sıra digər terror təşkilatlarının üzvləri də bu ölkədə şöhrətləndirilir. Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir. “Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti heç bir nəticə verməmişdir. Danışıqlar imitasiya naminə aparılmamalı, nəticəyönümlü və məzmunlu olmalıdır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – Rusiya, Fransa və ABŞ prezidentlərinin bəyanatlarında status-kvonun qəbuledilməz olduğu vurğulanmışdır. Biz həmin bəyanatları alqışlayırıq, lakin bəyanatlar kifayət etmir. Bizim real addımlara ehtiyacımız var.  Otuz ilə yaxın danışıqlar prosesində iştirakımız sülhə sadiqliyimizin bariz nümunəsidir. ATƏT-in Minsk qrupunun bütün 11 üzvü prosesdə fəal iştirak etməlidir. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının yenilənmiş zaman qrafiki tərtib edilməlidir. BMT-nin müvafiq təsisatları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına və azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına töhfə verməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Həmin qətnamələr icra edilənə qədər qüvvədədir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif olunması isə qəbuledilməzdir”.

“Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”, deyən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır: “Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!”

Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatlığını da diqqətə çatdırdan Prezident İlham Əliyev bildirib ki, bu Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatdan sonra – iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlıq daşınıb: “Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik. Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq”.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş