Prezident kimyəvi silahların istehsalı və tətbiqini qadağan edən qanunu imzalayıb

Prezident kimyəvi silahların istehsalı və tətbiqini qadağan edən qanunu imzalayıb

Prezident İlham Əliyev “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə fərman imzalayıb.

Fərmanda Nazirlər Kabinetinə “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Qanunun 4.5-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində aşkarlanan kimyəvi silahların məhv edilməsi qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək və qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, adıçəkilən qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərinə uyğun olaraq, sülhün və bəşəriyyətin təhlükəsizliyinin, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi, ekoloji təhlükəsizliyin qorunması, o cümlədən ekoloji tarazlığın pozulmasının qarşısının alınması məqsədilə ölkə ərazisində kimyəvi silahların hazırlanması, istehsalı, artırılması (yığılması), tətbiq edilməsinin qadağan olunmasının, habelə onun məhv edilməsinin hüquqi əsaslarını və qaydalarını müəyyən edir.

Qanunla Azərbaycanda kimyəvi silahın hazırlanması, istehsalı, əldə olunması, saxlanılması, artırılması (yığılması), yaxud birbaşa və ya dolayı yolla onun başqa şəxslərə verilməsi, kimyəvi silahın tətbiqi, kimyəvi silahın tətbiq edilməsi ilə bağlı hərbi hazırlıq keçirmək və ya hər hansı hərbi hazırlıqda iştirak etmək, bu məsələlərdə hər hansı bir yolla başqa şəxslərə kömək etmək və ya onları təhrik etmək, ictimai təhlükəsizliyin və ictimai qaydanın pozulmasına qarşı istifadə olunan kimyəvi vasitələrdən müharibənin aparılması vasitəsi kimi istifadə etmək qadağan olunur.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş