Prezident Mərkəzi Hərbi Hospitalda müalicə olunan yaralı hərbçilərə baş çəkib – FOTOLAR

Bu gün Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkib.

“AzeriDefence”nin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, dövlət başçısı cəbhənin təmas xəttində gedən döyüşlərdə yaralanan hərbçilərlə görüşüb.

Müdafiə naziri Zakir Həsənov bildirib ki, cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla döyüşən və yaralanan hərbçilərin bir hissəsi müalicə olunmaq üçün bu hərbi hospitala gətirilib. Hazırda onların müalicəsi istiqamətində zəruri tədbirlər görülür. Hospitalın tibb heyəti onların tezliklə sağlamlıqlarına qovuşmaları üçün gecə-gündüz əllərindən gələni edirlər.

Sonra Prezident İlham Əliyev şəhid ailələrinin və yaralıların yaxınlarının bir qrupu ilə görüşdü.

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında bu cəbhə bölgəsində ermənilərin hücumunu dəf edərkən yaralanmış və şəhid olmuş hərbçilərin ailə üzvləri ilə görüşündə prezident İlham Əliyev başçısı bildirib ki, həmin əsgərlər layiqli vətəndaş kimi Azərbaycanda özlərinə layiqli həyat qurmalıdırlar və quracaqlar: “Biz o əsgərlərlə, onları böyüdən valideynlərlə fəxr edirik. Həkimlər yaralı əsgərlərin hamısının sağalacağını bildirdilər. Sağlamlıqları tam bərpa olunmalıdır, bərpa olunacaq. Bunun üçün həkimlər əllərindən gələni edirlər və edəcəklər. Mən bu gün onlara və sizə öz təşəkkürümü bildirmək üçün gəlmişəm ”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ərazi bütövlüyü uğrunda mübarizə aparmaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur: “Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb və olmayacaq. Ermənistan rəhbərliyi səhvini başa düşüb, danışıqlar masasında özünü səmimi apararsa, məsələnin sülh yolu ilə həlli üçün imkanlar var. Hər halda biz bunu istəyirik. Azərbaycan bu gün bir daha bəyan edir ki, birtərəfli qaydada bütün döyüş əməliyyatlarını dayandırır. Amma bir şərtlə ki, qarşı tərəf bundan istifadə etməsin. Onlar da atəşi dayandırsınlar, olduqları yerlərdə qalsınlar, tərpənməsinlər. Biz öz torpağımızdayıq, başqasının torpağında gözümüz yoxdur, heç bir başqa ölkənin torpağını işğal etməmişik. Amma heç kimə imkan verməyəcəyik ki, bizim torpağımızda hökmranlıq etsin. Artıq Azərbaycan dövləti də, ordusu da güclüdür. Bu gün müalicə alan əsgərlərimiz bunun ən gözəl sübutudur”.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş